Hindistanın Baş naziri Azərbaycanın ŞƏT-ə üzvlüyünü niyə blokladı? - AÇIQLAMA
"Əgər Hindistan dövlətinin başçısı Narendra Modi yox, başqa biri olsaydı, bəlkə də belə etməzdi".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Zaur Məmmədov Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük müraciətini bloklamasından danışrakən dedi.

"Modi müsəlmanlara qarşı qəddarlığı ilə seçilən şəxslərdən biridir. O, hakimiyyətə gəldikdən sonra Hindistandakı pakistanlılarla və orada yaşayan müsəlmanlarla bağlı çoxsaylı sərt tədbirlər həyata keçirib. Buna görə də bu blok məsələsi Hindistan hakimiyyətinin məqsədli və məkrli siyasətinin tərkib hissəsi kimi görünür. Eyni zamanda bu dövlət Qoşulmama Hərəkatında Azərbaycanın qaldırdığı bir çox məsələləri də bloklayıb. Hindistanın bu hərəkəti Azərbaycan-Pakistan münasibətlərini zəiflədə bilməz. Azərbaycan hər zaman dost olduğu ölkələrlə qardaş münasibəti saxlayır. Kim bilir, bəlkə də Azərbaycan və Ermənistanın ŞƏT-ə üzvlüyünün bloklanması Cənubi Qafqazın bu iki ölkəsinin digər beynəlxalq platformalarda daha uğurlu təmsil olunması ilə nəticələnə bilər", - deyə siyasi şərhçi bildirdi.
Nuriyyə NATİQQIZI













