Rusiya - Azərbaycan münasibətləri normallaşır? - Deputatdan AÇIQLAMA
"Çində hərbi paraddan sonra Vladimir Putinin mətbuata verdiyi açıqlamalarda Rusiya - Azərbaycan münasibətlərində baş vermiş gərginliyə geniş şərh vermədən "qısa olaraq mən inanıram ki, Azərbaycan və Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq" deməsi ikitərəfli münasibətlərin normallaşdırılmasına marağın olmasından irəli gəlir. Çünki belə bir maraq olmasaydı "ölkələr arasında münasibətlərdə həmişə mövcud və ya hansısa siyasi vəziyyətə əsaslanan bəzi suallar yaranır, problemlər var" deməzdi".
Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Rusiya Prezidenti Vladimir Putinin mətbuata Rusiya - Azərbaycan münasibətlərindəki soyuqluq barədə açıqlamasından danışarkən bildirdi.
Millət vəkilinin fikrincə, münasibətlərin yenidən normallaşması üçün bəzi suallar və problemlər ikitərəfli görüşlərlə, diplomatik yollarla həll olunmalıdır:
"Rusiya Prezidenti yaxşı anlayır ki, ikitərəfli münasibətlərdə gərginliyin yaranmasının səbəbi elə Rusiyanın münasibətlərə ədalətsiz yanaşmasından sonra başlayıb. Ona görə də Rusiya gərginliyi yardan olaraq ilkin nöqtəyə qayıtmalı və həmin yerdən problemin ədalətli həll üçün hərəkətə keçməlidir. Rusiya və Azərbaycan müstəqil ölkələrdir. Bizim münasibətlərimiz də qarşılıqlı hörmət və fayda əsasında davam etməlidir. Bir tərəfin bu prinsiplərə düzgün yanaşmaması münasibətlərə gərginlik gətirir. Bu baxımdan hər iki tərəf münasibətləri qorumaq üçün çalışmalıdır. Azərbaycan və Rusiya yaxın qonşudurlar. Biz ilk növbədə qonşuluq münasibətlərini qorumalıyıq. Hərəkətlərimiz də gərginliyin azaldılması və aradan qaldırlması istiqamətində olmalıdır. Həm də gərginliyin dərinləşməsinin bir nöqtəsi olmalıdır".
Azər Badamov hesab edir ki, iki ölkə arasındakı münasibətlərdəki gərginlik geridönüş nöqtəsindədir:
"İkirətəfli münasibətlərin daha da gərginləşməsi heç bir tərəfə fayda gətirmir. Bu baxımdan Rusiyanın özünün yaratdığı bu gərginliyi özünün də azaltması üçün hərəkətə keçmək zamanı gəlib. Güc və ittihamedici yanaşmalar münasibətləri heç də normaya salmır. Hesab edirəm ki, dialoq və diplomatiya ən düzgün yoldur".
Xədicə BAXIŞLI













