Azərbaycan-BƏƏ əlaqələrindən gözləntilər - AÇIQLAMA 

 15:23 17.09.2025     420

Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyev həmkarını Qarabağda qarşılayıb və Şuşada təkbətək, çoxtərəfli görüşlər keçirilib, sənədlər imzalanıb.

BƏƏ liderinin ölkəmizə səfərini və bu ölkə ilə Azərbaycan arasındakı münasibətlərin gələcək inkişafı barədə fikirlərini Redaktor.az-la bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, bu səfər bir çox aspektdən olduqca önəmlidir:

"Bu gün Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri münasibəti sürətlə inkişaf edir. Son səfərlə əlaqələrimizin daha da irəli getdiyinin şahidi olduq. Son səfəri xüsusi qiymətləndirməliyik və son səfərin xüsusi əhəmiyyət daşıdığını qeyd etməliyik. İmzalanan sənədlər də bizim əlaqələrimizin daha da inkişafından, daha da irəliyə getməsindən xəbər verir. Bizim əlaqələrimiz daha da irəliyə gedəcək və daha da inkişaf edəcək. Biznes Şurasının yaradılmasında xüsusi əhəmiyyəti var. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr uzun müddətdir inkişaf edir".

Deputat vurğuladı ki, əlaqələrimizin inkişafı özünü bütün platformalarda göstərir:

"Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti bu gün Azərbaycanda alternativ enerji sahəsində çox böyük işlər görür və addımlar atır. Bu istiqamətdə əlaqələrimizi daha da gücləndirməliyik və daha da irəli aparmalıyıq. Ona görə bu mənada qarşıda əlaqələrin daha da irəliyə getməsi, daha da güclənməsi, daha da möhkəmlənməsi üçün addımların atılması planlaşdırılır və nəzərdə tutulur".

Politoloq Zeynal Əmrəliyev isə qeyd etdi ki, Azərbaycan və BƏƏ arasında çox geniş əlaqələr var:

"İki dövlət İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də ikitərəfli münasibətlər müstəvisində əlaqələri inkişaf etdirirlər. Bu müddət ərzində ikitərəfli ticarət əlaqələri sürətlə şəkildə inkişaf edib. Birləşmiş Ərəb Əmirlikləri də Azərbaycanda həm texnologiya sahəsinə, həm də alternativ enerji mənbələrinə külli miqdarda vəsait ayırır. Ötən illər ərzində Birləşmiş Ərəb Əmirlikləri tərəfindən Azərbaycanın alternativ enerji mənbələrinə biz külli miqdarda vəsaitin ayrılmasının şahidi olmuşuq. Prezidentlərin qarşılıqlı olaraq birgə səfərləri və arada yaranan dostluq münasibətləri onu göstərir ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri birgə əməkdaşlıqda maraqlıdır. Bundan sonra artıq birgə Biznes Şuranın yaradılması iqtisadi sferada daha geniş əlaqələrin qurulmasını özündə ehtiva edir".

Siyasi şərhçinin fikrincə, əsasən enerji sahəsində güclü əməkdaşlıq ola bilər:

"Enerji resurslarının birgə işlədilməsi barəsində çox mühüm əhəmiyyətli qərarlar qəbul edilə bilər. Azərbaycan Qafqazın, Birləşmiş Ərəb Əmirlikləri isə Yaxın Şərqin çox güclü enerji resursuna malik olan dövlətdir. Bunlar da imkan verir ki, ikitərəfli münasibətlər müstəvisində bu əlaqələr inkişaf etsin. Həmçinin rəsmi Əbu-Dabi Qarabağda, Şərqi Zəngəzurda tikinti və quruculuq işlərində, yəni yenidənqurma işlərində də aktiv şəkildə iştirak edə bilər. Heç təsadüfi deyil ki, Birləşmiş Əmirliyin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Qarabağa səfər etdi, cənab prezidentlə birlikdə və Qarabağda gedən yenidənqurma işləri ilə tanış oldu. Yəni ərəb investorları Qarabağa və Azərbaycanın təbii ki, digər bölgələrinə yüksək səviyyəli sərmayələr yatıra bilərlər".

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

2
Vumart və Güvən reklamı Vumart Güvən