Fələstinin ardıcıl tanınması İsraillə sülhün əldə edilməsinə təsir edəcəkmi? - AÇIQLAMA
Fələstin dövləti son günlərdə bir sıra ölkələr tərəfindən ardıcıl şəkildə tanınır. Bu addımlar beynəlxalq aləmdə Fələstinin siyasi mövqeyini gücləndirsə də, sual yaranır: belə tanınma İsrail-Fələstin münaqişəsində sülh əldə etməyə nə qədər təsir edə bilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, Fələstinin tanınması 1947-ci ildə BMT tərəfindən qəbul olunmuş qətnaməyə uyğundur, yəni iki dövlət prinsipinə əsaslanır:
"Hesab edirəm ki, münaqişənin tez bir zamanda aradan qalxmasının yeganə optimal yolu məhz bundan ibarətdir. Fələstini tanıyan ölkələr artıq 1947-ci ildən bu yana davam edən münaqişənin sona çatması istəyindən bunu edirlər. Bildiyimiz kimi, BMT Baş Assambleyasının 80-ci toplantısında Fransa Prezidenti Makron məhz bu mövqedən çıxış edərək tribunadan Fələstini tanıdığını bildirdi. Diqqət yetirsək, görərik ki, Avropa ölkələrində əhali də Fələstinə dəstək nümayiş etdirir. Məsələn, İtaliyanın Baş naziri Fələstini tanımaqdan imtina etdikdən sonra kütləvi etiraz aksiyaları keçirildi və oxşar hadisələr Avropanın digər ölkələrində də müşahidə olunub".

Müsahibimiz əlavə etdi ki, bu günlərdə bu, həm də ciddi bir təsir amilinə çevrilib, yəni cəmiyyətdən hakimiyyətə ötürülən impuls rolunu oynayır. Elşad Mirbəşiroğlunun sözlərinə görə, bir çox ölkələr öz elektorat bazalarını möhkəmləndirmək üçün Fələstinə dəstək nümayiş etdirirlər, çünki sadə insanlar münaqişə bölgəsində baş verənlərdən narahatdır və fələstinlilərə dəstək göstərirlər.
"Fələstinin tanınması bundan sonra da BMT üzvü olan ölkələr tərəfindən davam edəcəkdir. Böyük Britaniya, Kanada, Fransa kimi ölkələrin Fələstini tanıması ciddi bir siqnaldır və bu prosesin davamlı olacağına işarədir. Bu, həm də BMT-nin nüfuzuna müsbət təsir göstərə bilər, çünki son illərdə BMT-nin təsir gücünün azaldığı və beynəlxalq təşkilat obrazının formalaşmaqda olduğu müşahidə olunur. BMT-nin strukturunda dəyişikliyin vacibliyi səsləndirilir. 1947-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnaməyə uyğun davranılması, hesab edirəm ki, təşkilatın nüfuzuna çox müsbət təsir göstərəcək. Ən əsası isə bu, bölgədə vəziyyətin stabilləşdirilməsi baxımından da təsirli amil rolunu oynayacaq", - deyə o, fikirlərini yekunlaşdırdı.
Nuriyyə NATİQQIZI













