“Rusiya Paşinyanı devirməyə hazırlaşır”

 16:31 23.09.2025     229

Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan Rusiya ilə münasibətlərini gücləndirəcək. 

Onun bu açıqlaması nədən xəbər verir?

Politoloq Elçin Xalidbəyli Redaktor.az-a bildirdi ki, Paşinyan hazırda daha çox öz şəxsi siyasi maraqlarından qaynaqlanan açıqlamalar verir:

"Çünki Ermənistanda növbəti parlament seçkiləri yaxınlaşır və Paşinyan yaxşı bilir ki, Rusiya bu seçkilərdə onu devirməyə hazırlaşır. Artıq Rusiyanın Ermənistandakı agentura şəbəkəsi, yəni erməni kilsəsi, erməni oliqarxiyası və radikal revanşist düşərgə hərəkətə gətirilib. Ən taleyüklü məqamda isə Rusiyanın nəzarəti altında olan Ermənistandakı qeyri-leqal silahlı dəstələr də hərəkətə gətirilə bilər və ölkə daxilində silahlı toqquşmalar baş verə bilər. Paşinyan da bunu yaxşı bilir. Ona görə də bu təhlükələrdən xilas olmaq, yayınmaq və eyni zamanda öz hakimiyyətini qorumaq üçün Rusiya ilə münasibətlərin gücləndiriləcəyini bəyan edir. Hesab edir ki, belə bəyanatlarla Kremli növbəti dəfə aldada biləcək və hakimiyyət dəyişikliyi təhlükəsindən yayınmaq imkanı qazanacaq. Ancaq Kremldə yaxşı bilirlər ki, Paşinyan Qərbə inteqrasiya siyasətini davam etdirmək niyyətindədir. Ona görə də böyük ehtimalla Paşinyan hakimiyyətinə qarşı seçkiqabağı təzyiqlər artacaq".

Siyasi şərhçi əlavə etdi ki, Rusiya ilə münasibətlərin gücləndirilməsi Ermənistan üçün Paşinyan hakimiyyətinin qorunub-qorunmayacağı məsələsinin aydınlaşmasından başqa heç bir pozitiv nəticə verməyəcək.

"Çünki Rusiyanın tərəfdaş dövlətlərə iqtisadi alternativlər təklif etmək imkanları yoxdur. Rusiyanın öz iqtisadiyyatı artıq çökmə mərhələsinə qədəm qoyub. Hətta Ukrayna savaşından əvvəl də Rusiya iqtisadi dəstək və ya alternativlər təklif etmirdi, daha çox tərəfdaş dövlətlərlə hegemon, neo-imperialist mövqedən münasibətlər qurmağa çalışırdı. Ermənistan da müstəqillik dövründə əsasən Rusiyanın forpostu kimi fəaliyyət göstərib.

Hərbi baxımdan Ermənistana elə bir ciddi təsir də olmayacaq, çünki Rusiyanın hazırda silah-sursata və hərbi texnikaya ehtiyacı var və buna görə də Ermənistana əvvəlki kimi silah hədiyyə etmək imkanları məhduddur. Bu baxımdan Ermənistan üçün müsbət gözləntilər nəzərə çarpmır. Üstəlik, Rusiya və Ermənistan arasında imzalanmış hərbi və hərbi-ticarət sazişləri də icra olunmayıb, onların icrası gecikir. Rusiya hazırda Ermənistana silah göndərmək və onu silahlandırmaq imkanına malik deyil. Azərbaycanla bağlı məsələyə gəldikdə isə, təbii ki, Paşinyan Azərbaycan-Rusiya münasibətlərinin hazırda gərginləşməsindən istifadə etməyə çalışa bilər. Əgər Rusiya-Ermənistan münasibətlərinin gücləndirilməsinə nail olsa, bu halda Rusiyanın Ermənistana dəstəyi də arta bilər. Paşinyan bundan faydalanmağa çalışa bilər. Ancaq onun hakimiyyəti Kremldə müsbət qarşılanmadığı və devrilməsinə yönəlik Rusiyanın cəhdləri müşahidə olunduğu üçün bu məsələdə Paşinyanın böyük uğurlar qazanacağına inanmaq çətindir", - deyə Elçin Xalidbəyli bildirdi.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən