Əliyev və Ərdoğan İrəvana gedəcək?

 16:53 25.09.2025     283

Azərbaycan Prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın 2026-cı ilin yazında Avropa Siyasi Birliyinin iclasında iştirak üçün İrəvana səfər edəcəkləri barədə iddia yayılıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Əli Mustafa bildirdi ki, Avropa Siyasi Birliyi ildə iki dəfə toplantılarını keçirir:

"Bu birliyin tədbirlərində, sammitlərində dövlət başçıları birbaşa özləri iştirak edirlər. Bu, səhv etmirəmsə, Emmanuel Makronun təşəbbüsü ilə başlayıb. Artıq bir neçə ildir ki, fərqli dövlətlərin paytaxtlarında, növbəlilik əsasında keçirilir. Gələn ilin yazında bu tədbirin İrəvanda keçirilməsi nəzərdə tutulur. Məntiqlə, orada Azərbaycanın və Türkiyənin iştirakı mümkündür. Təbii ki, bu, vəziyyətdən, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin dinamikasından, 2026-cı ilin payızındakı və ya yazındakı real vəziyyətdən asılıdır. Əlbəttə, bu faktorların rolu var. Amma prinsipcə, hər iki dövlət başçısının orada iştirak etməsi mümkündür. Təbii ki, uyğun şərtlər olarsa. Əgər şərtlər uyğun olmazsa, mümkündür ki, o halda iştirak edilməsin və ya onları kimsə əvəz etsin".

  

Müsahibimizin sözlərinə görə, hər halda bu gün Ermənistan həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyir:

"Amma bir məsələ də var: gələn il Ermənistanda seçkilər keçiriləcək. Yəni Azərbaycan və Türkiyə prezidentlərinin Ermənistana səfərinin Ermənistan cəmiyyətindəki daxili ab-havaya, ovqata kifayət qədər ciddi təsiri ola bilər. Buna görə də, yəqin ki, həmin məqamlar da nəzərə alınacaq. Təbii ki, Azərbaycan da, Türkiyə də Paşinyanın hakimiyyətdə qalmasını və indiki yaxınlaşma, sabitləşmə kursunun davam etməsini istəyirlər. Odur ki, yəqin ki, həm Ermənistandakı daxili siyasi vəziyyət, həm bölgədəki şərait, həm də dünyadakı atmosfer və real durum nəzərə alınmaqla bu məsələyə münasibət bildirmək olar. Hələlik isə mən hesab edirəm ki, nəzəri cəhətdən səfərlərin baş tutması mümkündür, amma bunun üçün çox ciddi faktorların və şərtlərin yetişməsi vacibdir".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən