İlham Əliyevin BMT kürsüsündəki çıxışı yalnız bir prezidentin çıxışı deyildi... - ŞƏRH
"Sentyabr ayının 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi bir çıxışı qeydə alındı. Prezidentin çıxışını iki hissəyə bölmək mümkündür. Bunlardan birincisi Azərbaycan Respublikasının uzun müddət davam edən işğal faktına son qoyulması və bu faktın sonlanması nəticəsində yaranmış post-münaqişə dövrü reallıqlarına həsr olunmuşdu".
Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev BMT Baş Assambleyasının 80-ci sessiyasında Prezident İlham Əliyevin çıxışından danışarkən bildirdi.
"Prezident çıxışa başlayanda vurğuladı ki, o uzun illər BMT kürsüsündən təcavüz, işğal və ədalətsizliklə bağlı çıxışlar edib, ictimaiyyətin diqqətinə çatdırıb. Bu gün isə o Vətən müharibəsində işğala son qoyulmasından, sülhün siyasi vasitələrlə təmin olunmasından və ümumilikdə Azərbaycan tarixində yeni bir dövrdən bəhs etdi. Prezidentin də vurğuladığı kimi, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan etnik təmizləmə siyasəti, 30 ilə yaxın müddət ərzində davam edən işğal faktı beynəlxalq ictimaiyyət tərəfindən qeydə alınmadı və beynəlxalq ictimaiyyət tərəfindən kifayət qədər Azərbaycana dəstək göstərilmədi, Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmadı. Dövlət başçısı açıq şəkildə vurğuladı ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, onlar reallıqda icra olunmadı. 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz-özlüyündə sadəcə münaqişənin dondurulmasına və status-kvonun qorunmasına çalışdı. Reallıqda isə münaqişənin həlli üçün heç bir ciddi addım ata bilmədi, yaxud da bu Minsk qrupunun daxilində olan ölkələr bu addımları atmaq istəmədi. Beləliklə, cənab prezident xüsusilə BMT kürsüsündən bir daha vurğuladı ki, nə BMT-nin qətnamələri, nə ATƏT-in Minsk qrupu heç biri bu münaqişə faktına son qoya bilmədi. Beləliklə, 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz müdafiə hüququndan istifadə etdi və bununla da Azərbaycan 44 günlük Vətən müharibəsinə başladı. Vətən müharibəsi ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etdi, beynəlxalq hüquqa uyğun olaraq öz suverenliyini bərpa etdi".
.jpg)
Politoloq qeyd etdi ki, bugünkü Azərbaycan tamamilə yeni və post-münaqişə dövrü reallıqlarına uyğunlaşmış bir Azərbaycandır:
"Prezident çıxışında Ermənistanla olan münasibətlərə toxundu və xüsusilə ABŞ görüşünün vacibliyini bildirdi. İlham Əliyevin bildirdiyi kimi, Vaşinqtonda keçirilən bu görüş Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanmasıyla nəticələndi və Azərbaycanla ABŞ arasındakı münasibətlərin daha da genişlənməsinə və bu münasibətlərin genişlənməsi üçün əməli addımların atılmasına səbəb oldu".
Üzeyir Mustafayev daha sonra bildirdi ki, ölkə başçısının BMT-dəki çıxışının ikinci hissəsi isə qlobal çağırışlara və bu çağırışlara uyğun olaraq Azərbaycan tərəfindən atılan addımlara həsr olunmuşdu:
"Təbii ki, ölkə başçısı ilk öncə COP29-un əhəmiyyətini vurğuladı və COP29-da Bakı maliyyə hədəfi kimi tanınan yeni kollektiv kəmiyyət hədəfinin qlobal iqlim dəyişikliyi ilə mübarizədə, qlobal iqlim maliyyəsinin təmin olunmasında tarixi mərhələ olduğunu bildirdi. Eyni zamanda prezident enerji təhlükəsizliyinin təmin olunmasından danışdı ki, bu gün Azərbaycan 14 ölkəyə təbii qaz ixracı edir və bu kifayət qədər böyük və ciddi bir rəqəmdir. Xüsusilə ölkə başçısı Azərbaycan Respublikasının iqtisadi sabitliyini, iqtisadi dayanıqlılığını qeyd etdi, beynəlxalq reytinqlərə əsasən Azərbaycanın investisiya mühiti üçün kifayət qədər uyğun ölkə kimi qeyd olunduğunu əlavə etdi və xarici borcumuzun isə ÜDM-in cəmi 6.5%-ni təşkil etdiyini bildirdi. Bu rəqəmlər, eyni zamanda qlobal çağırışlarla bağlı Azərbaycan tərəfindən atılan addımlar, COVID-19 pandemiyası dövründə Azərbaycanın fəaliyyəti, digər dövlətlərə göstərilən dəstəklər kimi məqamları da əhatə edir".
Müsahibimizin sözlərinə görə, bütün bunların hamısını ümumiləşdirdikdə, biz aydın şəkildə başa düşə bilərik ki, BMT Baş Assambleyasının 80-ci sessiyasında İlham Əliyevin çıxışı yalnız bir prezidentin çıxışı deyildi:
"Bu, eyni zamanda qalib xalqın, eyni zamanda qalib sərkərdənin və regionda yeni reallıqları formalaşdıran müzəffər Ali Baş Komandanın çıxışı idi. Mən prezidentin BMT-dəki çıxışını tarixi qələbənin beynəlxalq kürsüdən səsləndirilməsi kimi qiymətləndirirəm. Eyni zamanda bildirmək istəyirəm ki, məhz bu çıxışla da ölkə başçısı əvvəldə bildirdiyi kimi, uzun illər işğal və ədalətsizliyin faciələrindən danışırdıqsa, bu gün artıq biz tarixi qələbəmizdən və bu qələbə nəticəsində yaranmış sülhdən danışırıq. Bunu Azərbaycan özü təmin elədi. Belə olduqda isə Prezident İlham Əliyevin çıxışını tarixi qələbə, tarixi zəfər çıxışı kimi də qiymətləndirə bilərik", - deyə politoloq yekunlaşdırdı.
Xədicə BAXIŞLI












