Azərbaycanın liderliyi ilə Qəbələ Zirvəsi: Türk dövlətləri üçün strateji əhəmiyyət

 15:06 08.10.2025     415

"6-7 oktyabr tarixlərində Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Toplantısı beynəlxalq münasibətlər sistemində mühüm siyasi hadisə kimi dəyərləndirilir. Zirvənin əsas mövzusu olan “Regional sülh və təhlükəsizlik” anlayışı həm türk dövlətlərinin inteqrasiya istiqamətini, həm də təşkilatın qlobal güc mərkəzinə çevrilmə prosesini əks etdirir".

Bu fikirləri Redaktor.az-a Qəbələdə keçirilən TDT-nin 12-ci Zirvə Toplantısı haqqında danışan politoloq Qəvami Sadıqbəyli bildirdi. 

Onun sözlərinə görə, TDT-nin fəaliyyəti boyu Azərbaycan təşkilatın lokomotiv dövləti kimi çıxış edir:

"Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində türk dünyasında həmrəyliyin gücləndirilməsi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ardıcıl addımlar atılıb. Xüsusilə, zirvə görüşlərinin illik sayının iki dəfə artırılması ideyası təşkilatın fəaliyyətinə yeni dinamizm qazandırıb. Azərbaycanın Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının qurulmasında lider rolu bu sammitdə də aydın şəkildə özünü göstərir. Postmüharibə dövründə sülh, sabitlik və ədalətli diplomatiya prinsiplərinin təşəbbüskarı kimi Bakı türk dünyasının birliyi və beynəlxalq etimadın artması istiqamətində nümunəvi mövqe nümayiş etdirir".

Müsahibimiz əlavə etdi ki, son illərdə TDT-nin fəaliyyəti təkcə mədəni və humanitar sahələrlə məhdudlaşmır. Artıq təşkilat enerji təhlükəsizliyi, kibermüdafiə, informasiya sabitliyi və regional sülh məsələlərinə fokuslanaraq daha güclü və kompleks bir struktura çevrilir. Bu dəyişiklik TDT-nin yumşaq gücdən strateji və siyasi gücə keçid mərhələsinin başlanğıcını simvolizə edir.

"Qəbələ zirvəsində əsasən enerji təhlükəsizliyi və yaşıl transformasiya, Azərbaycanın təşəbbüsü ilə “Yaşıl Enerji Dəhlizi” və “Rəqəmsal İpək Yolu” kimi layihələrin genişləndirilməsi, nəqliyyat və logistika sahəsində Orta Dəhliz və Zəngəzur bağlantısının üzv dövlətlər arasında strateji inteqrasiyanı gücləndirməsi, kibertəhlükəsizlik və rəqəmsal transformasiya istiqamətində informasiya məkanında ortaq müdafiə mexanizmlərinin yaradılması, eləcə də iqtisadi əməkdaşlıq və investisiya əlaqələrinin, qarşılıqlı ticarət və sənaye layihələrinin stimullaşdırılması məsələləri müzakirə olunub. Bu istiqamətlər türk dövlətləri arasında davamlı inteqrasiyanın və kollektiv təhlükəsizliyin əsasını formalaşdırır. Azərbaycan TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları vəsait köçürüb, bununla da təşkilatın institusional potensialının güclənməsinə mühüm töhfə verib. Bu addım Bakının təkcə siyasi deyil, həm də praktik dəstək göstərən lider dövlət olduğunu bir daha nümayiş etdirir. Azərbaycan həmçinin Bakı-Tiflis-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası kimi layihələrlə türk dünyasının iqtisadi inteqrasiyasına xidmət edir. Bu təşəbbüslər sayəsində TDT ölkələri Avropa və Asiya arasında mühüm nəqliyyat-tranzit körpüsü rolunu oynayır", - deyə politoloq bildirdi.

O, həmçinin qeyd etdi ki, Qəbələ Zirvəsi türk dövlətlərinin birləşmiş təhlükəsizlik konsepsiyasının formalaşması baxımından da dönüş nöqtəsi ola bilər:

"Azərbaycanın təşəbbüsü ilə hazırlanan “Qəbələ Bəyannaməsi” TDT-nin gələcək fəaliyyətinin strateji yol xəritəsini müəyyənləşdirəcək. Bu sammit türk birliyinin artıq regional çərçivəni aşaraq qlobal təsir gücünə malik platformaya çevrildiyini nümayiş etdirir. Azərbaycan bu prosesin həm siyasi beyni, həm də mənəvi dayağı kimi çıxış edir. Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Toplantısı, Qəbələ sammiti təkcə protokol tədbiri deyil, türk dünyasının gələcək təhlükəsizlik və inkişaf arxitekturasının əsasını qoyan strateji hadisədir. Azərbaycan bu inteqrasiya prosesinin lokomotivi, ideoloji rəhbəri və diplomatik dayağı kimi çıxış edərək türk xalqlarının həmrəyliyini möhkəmləndirir, regionda sabitliyin və ədalətli sülhün təminatçısına çevrilir. Qəbələ Zirvəsi sübut etdi ki, XXI əsrin yeni siyasi və iqtisadi nizamında türk dünyasının səsi artıq qlobal miqyasda eşidilir və bu səsin mərkəzində Azərbaycan dayanır".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən