“Azərbaycan Prezidentinin yaratdığı reallıq böyük güclər tərəfindən qəbul olunur” - Deputat
"Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana işgüzar səfəri çərçivəsində baş tutan görüşlər bütün dünyanın və beynəlxalq medianın diqqət mərkəzində idi. Azərbaycan Prezidenti həm liderliyi, həm də Cənubi Qafqazda və regiondan kənarda yaratdığı yeni reallıqlarla beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana səfəri və səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşdən danışarkən bildirdi.
"44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra Cənubi Qafqazda formalaşan yeni vəziyyət Azərbaycanın təşəbbüsü ilə sülh platformasına, sülh diplomatiyasına və açıq dialoqa əsaslanan münasibətlər sisteminə çevrilib. Bu dəyişikliklər fonunda dünya liderləri və beynəlxalq təşkilatlar Prezident İlham Əliyevin atdığı addımları yaxından izləyir, Azərbaycanın regional və qlobal siyasətdə artan rolunu qəbul edirlər. Tacikistan səfəri çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin görüşü də xüsusi önəm kəsb edir".
Deputat qeyd etdi ki, Azərbaycanla Rusiya arasında keçirilən görüş bir tərəfdən Azərbaycan Prezidentinin yaratdığı reallığın qəbul edildiyini, digər tərəfdən isə Azərbaycan və Rusiya arasında konstruktiv və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin davam etdiyini nümayiş etdirdi:
"Azərbaycan həmişə qonşuları ilə konstruktiv münasibətlərin, normal və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olub. Müstəqillik qazandığı gündən etibarən Azərbaycan xarici siyasətini məhz bu prinsiplər üzərində qurub. Tacikistandakı görüş Azərbaycanın Cənubi Qafqazda və onun hüdudlarından kənarda artıq söz sahibi olduğunu, regionda formalaşan yeni reallıqların böyük güclər tərəfindən qəbul edildiyini bir daha nümayiş etdirdi. Bu baxımdan, baş tutan görüşə sadəcə regional çərçivədə deyil, qlobal siyasət kontekstində yanaşmaq daha doğru olardı.
Hazırkı beynəlxalq vəziyyət xüsusilə Rusiya-Ukrayna müharibəsi və Rusiya ilə Qərb arasında mövcud olan qarşıdurma fonunda, Azərbaycanın neytral, beynəlxalq hüquqa əsaslanan, konstruktiv və sülhpərvər mövqeyi daha da əhəmiyyət qazanır".
Millət vəkilinin sözlərinə görə, Azərbaycan mürəkkəb geosiyasi mənzərədə etibarlı tərəfdaş, sabitlik mənbəyi kimi çıxış edir.
"Dünya liderlərinin, o cümlədən ABŞ, Rusiya, Çin, Avropa İttifaqı və digər beynəlxalq təsisatların rəhbərlərinin, Azərbaycan Prezidenti ilə görüşmək istəyi və göstərdikləri maraq, ölkəmizin artan geosiyasi gücünün və İlham Əliyevin qlobal lider kimi nüfuzunun bariz göstəricisidir", - deyə Tural Gəncəliyev yekunlaşdırdı.
Xədicə BAXIŞLI













