"Azərbaycan və Rusiyanın birbaşa əməkdaşlığı hər ikisinə xeyir verəcək addımdır"

 17:11 10.10.2025     484

Dünən Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib. Görüşdə əvvəlcə AZAL təyyarəsinin qəzaya uğraması, daha sonra isə iqtisadi-ticarət əlaqələri müzakirə olunub.

Bəs bundan sonra Azərbaycan-Rusiya münasibətləri necə inkişaf edəcək?

Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, Azərbaycan və Rusiya münasibətlərinin normallaşması istiqamətində dövlət başçıları tərəfindən kifayət qədər optimist yanaşma sərgiləndi:

Onun sözlərinə görə, bu, olduqca müsbət bir görüntü idi.

"Düşənbədə keçirilən görüşdə həm səsləndirilən fikirlər, həm də liderlərin bir-birinə qarşı sərgilədiyi mövqe kifayət qədər müsbət hadisələrin başlanğıcını özündə ehtiva edir. Azərbaycan-Rusiya münasibətlərinin gələcək inkişafı baxımından əlverişli şərait yaranıb. Düşünürəm ki, münasibətlərin normallaşmasında çox mühüm amillər özünü göstərəcək. Bu, kifayət qədər əsaslı bir yanaşmadır və Rusiya tərəfi əgər istintaqın gedişinə obyektiv şəkildə nəzarət edərsə, istintaq normal şəkildə icra olunarsa, hansısa bir problemin olacağını düşünmürəm".

Müsahibimiz vurğuladı ki, Azərbaycan Rusiya ilə münasibətlərə hər zaman önəm verib:

"Bu baxımdan rəsmi Moskva da düşünürəm ki, bu istiqamətdə ardıcıl siyasət aparmalıdır. Hal-hazırda Rusiyanın mövqeyi olduqca gərgindir. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra rəsmi Moskvanın mövqeyində kifayət qədər axsamalar var. Rusiya Azərbaycan kimi strateji önəmə sahib olan bir ölkə ilə münasibətlərin normallaşmasında kifayət qədər töhfə verməlidir, bu yöndə mühüm addımlar atmalıdır. Azərbaycan və Rusiyanın birbaşa əməkdaşlığı hər ikisinə xeyir verəcək addımdır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən