Bu şəkillər hər şeyi özü deyir...
Misir Ərəb Respublikasının Şarm əl-Şeyx şəhərində dünya tarixində nadir bir hadisə baş verdi. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin təşəbbüsü ilə oktyabrın 13-də keçirilən Yaxın Şərq Sülh Sammitində gözlənilən sənəd imzalandı.
Bu Sammit eyni zamanda Azərbaycan tarixinə parlaq bir səhifə kimi keçdi. Təşəbbüskarların dəvəti ilə cənab Prezidentimiz İlham Əliyevin Sammitdə iştirakı əsasən aşağıdakı məna daşıyır:
• dünyada cənab prezidentimiz İlham Əliyevə olan inam, etimad və hörməti göstərir. Bu inam, etimad və hörmət birdən-birə yaranmayıb, dövlət başçımız onu həyata keçirdiyi dürüst, ədalətli, sülhpərvər siyasəti ilə qazanıb;
• dövlət başçımız Azərbaycan Respublikası dövlətini özünün nüfuzu və təsir dairəsi ilə nəinki vacib məsələlərin onsuz həll edilmədiyi, əslində nəzarəti altında olan Cənubi Qafqaz regionunu aşaraq bütün dünyanı düşündürən ən kəskin məsələlərdən birinin – Yaxın Şərq məsələsinin həllində bilavasitə fəal iştirakçıya çevirdi;
• fəal iştirakçı olmaq dövlətimizin bu regiondakı bütün tərəflər arasında birləşdirici, uzlaşdırıcı rolu oynaması, gerçək sülhü istəməsi və bu yolda çalışması ilə bağlıdır;
• Sammit çərçivəsində ABŞ Prezidenti Donald Trampın cənab prezidentimiz İlham Əliyev haqqında dedikləri bir daha göstərdi ki, dünya işlərində yaxından iştirak etməkdən və nüfuz qazanmaqdan ötrü ölkənin ərazisinin həcmi və əhalisinin sayı deyil, ona rəhbərlik edən şəxsin zəkası üstün rol oynayır;
• Üç səmavi dinin yarandığı, dünya neftinin 2/3 hissəsini verən, Asiyanın qərbini, Afrikanın şimalını və Avropanın cənubunu birləşdirən strateji yolların üstündə yerləşən, lakin sakitlik bilməyən Yaxın Şərq sülh prosesinə dövlətimizin dəvət edilməsi ilə Prezident İlham Əliyev Azərbaycan Respublikasını dünya siyasətində vacib bir dövlətə çevirib. Artıq dünya gücləri üzünü Azərbaycana tutublar. Millətimizin indiki və gələcək nəsilləri bununla yalnız fəxr edə bilərlər.
P.S. Artıq hamının gördüyü aşağıdakı bir neçə fotoşəkil hər şeyi özü deyir...
Musa QASIMLI,
vitse-spiker




















