“Prezident İlham Əliyevin siyasəti Azərbaycanı inkişaf, sülh və qələbə yoluna çıxardı” - Tahir Rzayev

 17:17 15.10.2025     281

"Cənab İlham Əliyevin 2003-cü ildə xalqın böyük etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsi unudulmaz bir tarixdir. Bu gün Azərbaycana yeni inkişaf, tərəqqi, insanlara xoşbəxtlik, torpaqlarımıza azadlıq gətirən bir tarixdir. Ulu öndərimiz Heydər Əliyevin təməlini qoyduğu iqtisadi inkişaf cənab İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti nəticəsində daha da sürətləndirildi. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu yüksəldi. Regionların sosial-iqtisadi inkişafı yeni bir vüsət aldı. İnsanların fəallığı, rifah halı yüksəldi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Prezident İlham Əliyevin hakimiyyətə gəlişinin 22-ci ildönümü ilə bağlı danışarkən bildirdi.

Deputat vurğuladı ki, Azərbaycan güclü ordu yarada bildi və Ali Baş Komandanın rəhbərliyi sayəsində xalqımızın birliyi və həmrəyliyi 30 ildən çox işğal altında qalan torpaqlarımızı azğın düşməndən xilas etmək imkanı yaratdı:

"Ölkə rəhbərinin nəinki daxili, həm də xarici siyasəti bu gün dünyaya bir nümunə kimi göstərilir. Bu dövrlərdə Azərbaycan dünya ölkələri tərəfindən qəbul edilən və yüksək etimada layiq görülən bir dövlət kimi səciyyələnir, tanınır və qiymətləndirilir. Azərbaycanın düşmən üzərində tarixi qələbəsi, torpaqlarımızda gedən dinc quruculuq və bərpa işləri, ölkənin iqtisadiyyatının yüksəlişi və ən mötəbər beynəlxalq tribunalardan Azərbaycanın səsinin eşidilməsi, əlbəttə ki, ölkəmizin başçısının möhkəm iradəsinin, düşünülmüş planlarının və idarəetmədə səriştəliyinin bir nəticəsidir. Uzağa getməsək, son bir ayda Azərbaycan Prezidentinin dörd mötəbər sammitdə iştirak etməsi və bu sammitlərdə özünün sülhsevər siyasətini ortaya qoyması, bu siyasətin dünya dövlətləri tərəfindən, xüsusilə də Amerika Birləşmiş Ştatları, Türkiyə və Pakistan kimi dövlətlər tərəfindən dəstəklənməsi göstərir ki, Azərbaycan rəhbəri dünyaya öz əməlləri ilə bir nümunə göstərir".

Tahir Rzayevin sözlərinə görə, İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən dünyada sülhün, əmin-amanlığın, əməkdaşlığın tərəfdarı kimi çıxış etmiş və bu gün bunu öz əməlləri ilə bir daha sübut edir.

"Nəinki Azərbaycanda, dünyada və regionda sülhün, təhlükəsizliyin təmin edilməsini başlıca vəzifə kimi qarşıya qoyan dövlətimizin rəhbəri bütün səylərini sağlam münasibətlərə, əməkdaşlığa və qarşılıqlı hörmətə yönəltmişdir. Dövlətlərin ərazi bütövlüyünə hörmət, suverenliyinə və müstəqilliyinə qayğı, dinc yanaşı yaşamaq, dostluq münasibətləri şəraitində inkişaf etmək ölkəmizin rəhbərinin əməlidir və bu əməl uğrunda o, öz fəaliyyətini daim genişləndirir. Bu, bəşəri bir dəyərdir, bəşəri ideyadır. Bu, bilavasitə dünya xalqlarının xoşbəxtliyinə, ölkələrin inkişafına, dünyada müharibələrin başa çatmasına, münaqişələrin aradan qaldırılmasına bir dəstəkdir. Və cənab prezident bu əməlləri icra etməklə bərabər, həm də onların yerinə yetirilməsi üçün təbliğatçısıdır və bütün çıxışlarında dünyanı sülhə, əmin-amanlığa, qardaşlığa, dostluğa səsləməklə bəşəriyyətə öz töhfələrini vermək əzmindədir. Məhz buna görə də dünya dövlətləri və beynəlxalq təşkilatlar cənab İlham Əliyevin yürütdüyü siyasəti yüksək qiymətləndirir və ən mötəbər tədbirlərə onu dəvət edirlər.

Misirdə bu günlərdə keçirilən sammit bir daha bunun əyani ifadəsi oldu. Və sözsüz ki, bu, bir Azərbaycan vətəndaşı kimi hər birimizi sevindirir. Çünki münaqişələrin və müharibələrin aradan qaldırılmasI iqtisadi inkişaf, təhlükəsizlik, insanların xoşbəxt yaşaması və gələcəyə nikbin ruhda getmək, uğurlar qazanmaq deməkdir. Ölkə rəhbəri bu əməldədir və o, öz əməllərində xalqına, ordusuna, yaxın dost dövlətlərə arxalanır və daim bu əlaqələri möhkəmləndirmək üçün səylərini ortaya qoymuşdur. Ona görə də 2003-cü il öz seçimi və dəstəyi ilə Azərbaycan tarixinə ən uğurlu bir səhifə kimi yazılıb və daim xatırlanacaq", - deyə komitə sədri vurğuladı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən