Pakistanın mövqeyi müharibə deyil, qayda yaratmaqdır - RƏY

 20:48 15.10.2025     896

"Əfqanıstan və Pakistan sərhədində yenidən baş qaldıran döyüşlər bir daha göstərdi ki, bölgədə sabitlik üçün ən çox məsuliyyət daşıyan tərəf məhz Pakistandır. Pakistan illərdir regionda terrora qarşı mübarizənin ön cəbhəsində dayanır və bu istiqamətdə böyük itkilər verib. İslamabadın məqsədi yeni müharibə deyil, sərhədlərinin təhlükəsizliyini qorumaq və milli suverenliyini təmin etməkdir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov Əfqanıstan və Pakistan arasındakı gərginlikdən danışarkən bildirdi.

Onun sözlərinə görə, Əfqanıstandakı Taliban rejiminin qeyri-müəyyən davranışları, radikal elementlərin sərhədi keçərək Pakistan torpaqlarında təxribat törətməsi artıq dözümlü mövqe saxlayan Pakistanın səbrini daşırır:

"Pakistanın ordusu bölgədə ən intizamlı və təcrübəli hərbi strukturlardan biridir. Onlar təkcə müdafiə məqsədilə deyil, həm də regional sabitliyin qorunması üçün fəaliyyət göstərir. Əfqanıstanın mövcud rəhbərliyi isə təəssüf ki, nə iqtisadi, nə də siyasi baxımdan daxili sabitliyə nail ola bilib. Belə vəziyyətdə Pakistanın sərhədlərini qoruması və sərt addımlar atması tamamilə haqlıdır. Unutmaq olmaz ki, Pakistan uzun illər ərzində milyonlarla əfqan qaçqınını qəbul edib, onları humanitar şəkildə müdafiə edib. Amma indi həmin qaçqın kütlələrinin içərisində gizlənən radikal qruplar ölkənin təhlükəsizliyini hədəfə alır. Bu da artıq səssiz qalınacaq məsələ deyil".

Politoloqun fikrincə, İslamabadın siyasəti uzaqgörənlik üzərində qurulub.

"Pakistan anlayır ki, regionda sülh yalnız sərhədlərin qarşılıqlı tanınması və terrorun kökündən məhv edilməsi ilə mümkündür. Bu baxımdan Pakistanın mövqeyi realist və dövlət maraqlarına tam uyğun davranışdır. Bu gün Əfqanıstan-Pakistan gərginliyinə baxanda aydın görünür: Əfqanıstan öz daxili problemlərini həll edə bilmədiyi üçün məsuliyyəti qonşuya atmağa çalışır. Amma Pakistan artıq əvvəlki kimi yumşaq diplomatiya ilə kifayətlənmir – sərhəd pozuntularına qarşı konkret cavab verir. Bu, təkcə öz təhlükəsizliyi üçün deyil, həm də regionda sabitliyin bərpası naminə atılan addımdır" - deyə Tural İsmayılov vurğuladı.

Siyasi şərhçi hesab edir ki, bu qarşıdurma uzun çəkməyəcək, çünki Pakistan nəzarəti itirməz:

"Onların hərbi və siyasi imkanları Talibanla müqayisədə qat-qat üstündür. İslamabad sonda yenə sülhün bərpasına çalışacaq, çünki Pakistan tarixən sabitlik və nizam tərəfdarı olub. Onların mövqeyi  müharibə deyil, qayda yaratmaqdır. Və bu mövqe bu gün regionun ən ağıllı və məsuliyyətli davranışıdır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən