"İlham Əliyev həm öz xalqının, həm də bütövlükdə Qafqazın şərəfini qoruyub"
Gürcüstanın hazırda həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili öz sosial şəbəkəsində Azərbaycan Prezidenti haqqında "İlham Əliyev bütün Qafqazın şərəfini qorudu" deyə şərh bildirib.
Keçmiş prezidentin fikrini Redaktor.az-a şərh edən politoloq Yusif Bağırzadə bildirdi ki, Saakaşvilinin sözlərində həqiqət var:
"Cənab prezident doğrudan da həm öz xalqının, həm də bütövlükdə Qafqazın şərəfini hər zaman qoruyub və qorumaqda davam edir. Bu gün Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, iqtisadi, hərbi, siyasi və diplomatik sahələrdə qazandığı uğurlar göz önündədir. Qısa bir müddət ərzində cənab Prezident İlham Əliyev təxminən beş böyük beynəlxalq sammitdə iştirak edib. Xüsusilə, Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında onun iştirakı və Çinlə Azərbaycan arasında imzalanan strateji xarakterli müqavilə bu istiqamətdə mühüm addımdır. Həmin platformada Çin şirkətləri ilə bir sıra əhəmiyyətli razılaşmaların əldə olunması Azərbaycanın ŞƏT-dəki rolunu və mövqeyini daha da möhkəmləndirib.
Digər tərəfdən, Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə Toplantısında Azərbaycanın ev sahibliyi etməsi və cənab prezidentin konkret təkliflərlə çıxış etməsi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə, 2026-cı ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hərbi təlimlərinin Azərbaycanda keçirilməsi təşəbbüsünün irəli sürülməsi və bunun razılaşdırılması diqqətəlayiq hadisədir".
%20(2).jpg)
Politoloq həmçinin əlavə etdi ki, Müstəqil Dövlətlər Birliyinin Düşənbədə keçirilən Zirvə görüşündə də mühüm məqamlar yaşandı:
"Burada Rusiya Prezidenti Vladimir Putinin cənab İlham Əliyevdən üzr istəməsi və müəyyən öhdəliklər götürməsi beynəlxalq mediada geniş işıqlandırıldı. Bundan əlavə, Misirin Şarm əl-Şeyx şəhərində keçirilən görüşdə keçmiş ABŞ Prezidenti Donald Trampın cənab İlham Əliyevə müraciəti, eləcə də Kopenhagen sammitində Avropa liderləri ilə yüksək səviyyəli görüşlər Azərbaycan diplomatiyasının nüfuzunu daha da artırdı".
Onun sözlərinə görə, ən önəmli hadisələrdən biri isə 8 avqustda Vaşinqtonda, ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması oldu.
"Həmçinin, cənab prezidentin ABŞ-nin aparıcı investisiya şirkətləri ilə görüşləri və həmin şirkətlərin Azərbaycana maraq göstərməsi ölkəmizin iqtisadi imkanlarının genişləndiyini göstərir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın beynəlxalq nüfuzu günü-gündən artır. Prezident İlham Əliyev bu gün faktiki olaraq islahatlara ehtiyacı olan BMT-nin bir çox funksiyalarını yerinə yetirir. Bakı bu gün bir sıra beynəlxalq görüşlərin, o cümlədən Türkiyə ilə İsrail, eləcə də Suriya ilə İsrail arasında dialoqun aparıldığı mühüm platformaya çevrilib. Bütün bunlar cənab prezidentin siyasi liderliyinin, dövlətçilik təfəkkürünün və beynəlxalq miqyasda nüfuzunun bariz göstəricisidir", - deyə müsahibimiz yekunlaşdırdı.
Nuriyyə NATİQQIZI













