“Orta Dəhliz Azərbaycanın strateji və iqtisadi imkanlarını daha da genişləndirəcək”
Oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub.
Sözügedən layihənin önəmi barədə Redaktor.az-a danışan siyasi analitik Lətif Şüküroğlu bildirdi ki, Orta Dəhliz Çindən başlayaraq Orta Asiya ölkələrindən keçib Avropa dövlətlərinə qədər uzanır və Orta Asiyadan sonra Azərbaycan ərazisindən keçərək Avropa dövlətlərinə yüklərin daşınmasını nəzərdə tutur.
Onun sözlərinə görə, bu marşrutun həm regional, həm də qlobal əhəmiyyəti var:
""Azərbaycan, Türkiyə, eləcə də Mərkəzi Asiyanın türk dövlətləri üçün strateji əhəmiyyət daşıyan bu marşrutun xüsusi əhəmiyyəti onun yükdaşımaların həcmini xeyli yüksəltməklə, adıçəkilən ölkələrin qitələrarası ticarətdə daha əlverişli şərtlərlə iştirakına imkan yaratması ilə bağlıdır. Orta Dəhliz xətti üzərində yerləşən Azərbaycanın və qardaş türk dövlətlərinin logistika imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsi, xüsusi ilə Çin və Avropa ölkələri ilə yükdaşıma həcmlərinin artması bu ölkələrin iqtisadi inkişafına ciddi töhfə verəcəkdir. Bundan başqa, bu marşrutun regionda müasir nəqliyyat infrastrukturunun inkişafına ciddi təkan verəcəyi də gözlənilir.
Hazırda Çindən Azərbaycana gələn yüklərin həcmi ildən-ilə artır. 2030-cu ilə qədər bu həcmin indiki səviyyə ilə müqayisədə üç dəfə artacağı gözlənilir. Təkcə 2024-cü ildə Azərbaycanla Qazaxıstan arasında ticarət daşımaları 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Bu rəqəmlər cənab prezidentin Qazaxıstana səfəri zamanı da səsləndirilib. Orta Dəhlizin səmərəliliyi və rəqabətqabiliyyətli olması onun gələcəkdə daha geniş imkanlar təqdim edəcəyinə şərait yaradır. Bu potensial həm Azərbaycanda, həm də Mərkəzi Asiya və Türkiyə dövlətlərində mövcuddur. Bu ölkələr dəhlizin imkanlarından istifadə etməklə öz potensiallarını artıracaq, ticarət dövriyyəsi genişlənəcək. Nəticə etibarilə, bu proses ölkələrə, xüsusilə də Azərbaycana, yükdaşımalarından əldə edilən gəlirlərin artması şəklində fayda gətirəcək. Fikrimcə, növbəti 7-8 il ərzində bu gəlirlərin həcmi bir neçə dəfə artacaq".
Lətif Şüküroğlu əlavə etdi ki, tranzit daşımalarının və yük həcmlərinin artırılması məhz Orta Dəhliz xətti ilə həyata keçiriləcək daşımaların optimallaşdırılması hesabına mümkündür:
"Bu istiqamətdə Azərbaycan, Qazaxıstan və digər ölkələr arasında vahid tarif siyasətinin tətbiqi nəzərdə tutulur. Tariflərin optimallaşdırılması ilə yanaşı, limanların infrastrukturunun yenilənməsi də planlaşdırılır. Beləliklə, Avrasiya məkanında Azərbaycan ərazisi Mərkəzi Asiya ölkələrindən keçən bu tranzit xəttin əsas hissəsinə çevrilir. Bu da gələcəkdə Azərbaycanın böyük potensialından daha səmərəli istifadə etməsinə şərait yaradacaq. Bu potensial bu gün də mövcuddur və zaman keçdikcə daha da artacaq. Azərbaycan bu layihədə türk dövlətləri ilə birlikdə iştirak etməklə əhəmiyyətli iqtisadi və strateji faydalar əldə edəcək".
Nuriyyə NATİQQIZI













