"Azərbaycan prosesləri çox məharətlə və peşəkarlıqla yönləndirir" - Aqşin Kərimov
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, 3+3 formatında toplantı ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək.
Bəs 3+3 formatında növbəti toplantının məqsədi nədən ibarətdir?
Redaktor.az-a mövzu haqqında danışan politoloq Aqşin Kərimov bildirdi ki, 3+3 formatının yenidən canlandırılması Azərbaycanın müəyyən etdiyi gündəliyin irəli aparılması baxımından xüsusi əhəmiyyət kəsb edir:
"Lakin 3+3 formatının artıq 2020-ci il müharibəsindən dərhal sonrakı xarakteri bir qədər dəyişmiş olacaq. Çünki 3+3 formatı artıq regionda yaranmış postmüharibə dövrünün reallıqları fonunda fərqli bir regional əməkdaşlıq modelinin tərtib edilməsinə əsaslanır. O baxımdan ki, artıq Gürcüstanın da bu prosesə qoşulması ehtimalları güclənir. Ən azından ona görə ki, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında əldə edilmiş razılıqlardan sonra Gürcüstan regional layihələrdən kənarda qalmaq niyyətində deyil. Əvvəllər 3+3 formatına o, Rusiya faktoruna görə etiraz edirdisə, bundan sonra bu etirazları bir qədər yumşaldıb, ən azından görüşlərdə uzlaşdırıcı mexanizmlər tapılması üçün iştirak edə bilər. 3+3 formatı ilə bağlı başqa bir məqam isə İranın Zəngəzur dəhlizi layihəsinə əvvəlki kimi güclü müqavimət göstərə bilməməsi fonunda qiymətləndirilməlidir. Çünki İran artıq regional əməkdaşlıqdakı iqtisadi-ticarət əməliyyatları özünün aktivinə yazdırmaqdan ötrü məcburdur ki, bu platformanı dəstəkləsin".
Politoloq vurğuladı ki, 3+3 formatında görüşün harada keçiriləcəyindən daha çox, onun gələcəkdə hansı proseslərə təkan verəcəyi diqqətə alınmalıdır:
"Azərbaycan bu prosesləri çox məharətlə və peşəkarlıqla yönləndirir, idarə edir. Azərbaycanın tərəfdaşlıq siyahısının genişlənməsi, onun strateji müttəfiqi Türkiyə ilə yeni mexanizmlərin hazırlaması bu proseslərdə yeni istiqamətlərin açılacağından xəbər verir".
Aytəkin TOFİQQIZI













