"Azərbaycanla imzalanmış razılaşmanı Ermənistandan daha çox Amerika tərəfi nəzərə alacaq" - Elşad İsayev
Ermənistanın müdafiə naziri Suren Papikyan jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan silah və hərbi texnika alarkən Azərbaycanla imzalanmış Vaşinqton razılaşmalarını nəzərə alacaq.
Mövzunu Redaktor.az-a şərh edən təhlükəsizlik orqanlarının veteranı, ehtiyatda olan polkovnik Elşad İsayev bildirdi ki, bütün dövlətlər öz müdafiə imkanlarını daim nəzərdən keçirir, bu istiqamətdə müəyyən addımlar atır, müasir silahlar almağa çalışırlar:
"Ermənistan da, təbii ki, istisna deyil. Ermənistan müdafiə nazirinin dediklərindən yaxşı başa düşülür ki, 8 avqust Vaşinqton razılaşması təsadüfi sənəd deyil. Bu sənəddə Azərbaycan və Ermənistan dövlət başçıları ilə yanaşı, ABŞ Prezidentinin imzası da var".

Polkovnikin fikrincə, Ermənistan ABŞ-dən silah və hərbi texnika alarkən, Azərbaycanla imzalanmış razılaşmanı Ermənistandan daha çox Amerika tərəfi nəzərə alacaq.
"Bu gün ABŞ Cənubi Qafqazda sülhün, əmin-amanlığın və təhlükəsizliyin qorunmasında maraqlıdır. Ermənistan müdafiə naziri də, çox güman ki, bunları nəzərə alaraq bu fikirləri söyləyib", - deyə Elşad İsayev vurğuladı.
Aytəkin TOFİQQIZI













