Ermənistan istəsə də, istəməsə də, regional iqtisadi sistemin bir hissəsinə çevrilir - ŞƏRH

 19:26 05.11.2025     332

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan, Qazaxıstan taxılının Azərbaycan ərazisi vasitəsilə Ermənistana çatacağını və hazırda Rusiya taxılının bir hissəsinin də eyni yolla daşındığını açıqlayıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tural İsmayılov bildirdi ki, bu açıqlama Ermənistanın regiondakı yeni iqtisadi reallıqlara uyğunlaşmağa çalışdığını göstərir.

"Azərbaycan ərazisindən keçən tranzit marşrutlar artıq Cənubi Qafqazda güc balansını dəyişdirib. Əvvəllər bağlanmış sərhədlər indi iqtisadi məna kəsb edən yollar kimi fəaliyyət göstərir. Bu, Azərbaycanın nəqliyyat və logistika sahəsində artan rolunun bariz nümunəsidir. İndi Ermənistan istəsə də, istəməsə də, regional iqtisadi sistemin bir hissəsinə çevrilir. Bu, həm siyasi, həm də psixoloji baxımdan mühüm dönüşdür. Çünki İrəvan uzun illər ərzində Bakının imkanlarından kənarda qalmağa çalışırdı. Lakin indi reallıq onu Azərbaycan tranzitinə möhtac vəziyyətə gətirib".

Tural İsmayılov: “Azərbaycanın lider mövqeyi beynəlxalq arenada daha da  güclənir”

Politoloq əlavə etdi ki, Qazaxıstan və Rusiya məhsullarının daşınması Azərbaycanın strateji əhəmiyyətini daha da artırır.

"Bakı üçün bu, həm iqtisadi divident, həm də siyasi üstünlük deməkdir. Ermənistan üçün isə bu, iqtisadi həyatda praqmatizmə keçidin göstəricisidir. Regionda normallaşma yalnız bu cür praktik əməkdaşlıqdan doğa bilər. Ermənistanın indi anladığı budur ki, iqtisadi inkişaf yolu Bakının açdığı marşrutlardan keçir. Bu, post-müharibə dövrünün yeni reallığı və Azərbaycanın siyasi iradəsinin təntənəsidir", - deyə Tural İsmayılov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən