"Qərb Ukraynaya öz qanuni ərazisini qaytarmaq üçün lazım köməyi göstərmir"

 19:51 06.11.2025     288

"Üstünlük Rusiya tərəfindədir. Qan tökmə, taqətdən salma müharibəsi gedirsə, daha böyük dövlətin üstünlüyü göz qarşısında olur. Rusiyanın əhalisi Ukrayna əhalisindən dörd dəfə çoxdur, ərazisi isə beş dəfə, on dəfə çoxdur".

Bu fikirləri Redaktor.az-a politoloq Zərdüşt Əlizadə davam etməkdə olan Rusiya-Ukrayna müharibəsində son gedişatı şərh edərkən bildirdi.

Onun sözlərinə görə, Rusiyanın maliyyə imkanları, silahları daha çoxdur:

"Ukrayna Rusiyaya uğurla o zaman müqavimət göstərə bilərdi ki, Qərbin yardımı Rusiyanın üstünlüyünü üstələsin. Lakin Qərb Ukraynaya lazımı kəmiyyətdə hərbi, səhiyyə, maliyyə yardımı göstərmir. Belə olan halda təbii ki, Ukrayna ordusu artıq geriləməyə başlayıb. Putin beynəlxalq hüququ pozur, işğalçı siyasət yürüdür. Onu cəzalandıran yoxdur. Çünki BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür, nüvə silahı var və heç kəsə hesab vermir. Putin elan edib ki, Luqansk və Donetsk vilayətlərini Rusiyaya qatacaq. Xerson və Zaporojye vilayətlərini konstitusiyaya görə Rusiya ərazisi elan edib. Bu, tamamilə beynəlxalq hüquqa zidd bir mövqedir".

Politoloq qeyd etdi ki, Qərb hələlik Ukraynaya öz qanuni ərazisini qaytarmaq üçün lazım köməyi göstərmir:

"Ona görə Rusiya ordusu hücumdadır və Ukrayna ordusu müqavimət göstərir. Bəziləri deyir ki, Ukrayna atəşkəsə qədər bu əraziləri saxlaya biləcək. İndi masanın üstündə atəşkəs təklifi var. Bunu Tramp tələb edir. Rusiya razı deyil. Çünki istəyir ki, daha çox ərazini işğal eləsin. Görək indi necə olacaq. Bunu heç kəs deyə bilməz, nə Ukraynada, nə Rusiyada hadisələrin gələcək inkişaf istiqamətini, nəticəsini yaxşı bilən adam yoxdur".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən