"Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına yardım etməyə hazırıq" - Rusiya
Rusiya Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına yardım etməyə hazır olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytında yayılan açıqlamada qeyd olunub.
Bəyanatda bildirilir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşması üçün hələ görüləsi çox iş var və Moskva bu prosesə hərtərəfli dəstək göstərməyə hazırdır.
“Bakı və İrəvan hələ sülh sazişini imzalamalı, Cənubi Qafqaz ölkələrinin və qonşularının maraqları naminə nəqliyyat və iqtisadi əlaqələri bərpa etməli, dövlət sərhədinin ədalətli delimitasiyası və demarkasiyasına nail olmalı, vətəndaş cəmiyyəti xətti ilə effektiv təmasları təmin etməlidirlər”, - deyə açıqlamada vurğulanıb.
Rusiya XİN əlavə edib ki, Moskva bu istiqamətdə tərəfdaşlarına “3+3” regional əməkdaşlıq platforması (Azərbaycan, Ermənistan, Gürcüstan Rusiya, İran, Türkiyə) çərçivəsində dəstək verməyə davam edəcək.
Nuriyyə NATİQQIZI













