"Hər üç müttəfiq ölkənin üçünə də eyni anda xəbərdarlıq..." - Əziz Əlibəyli
"Bakıda keçirilən möhtəşəm paraddan sonra istər-istəməz qıcıqlanan tərəflər parad üzərindən mesaj verməyə, öz mövqelərini əks etdirməyə çalışıblar".
Bu fikri Redaktor.az-a Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli Azərbaycandan Türkiyəyə yola düşən C-130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması və eyni gündə Pakistanda terror aktlarının baş verməsindən danışarkən bildirdi.
"Əlbəttə, müəyyən hərbi qəzalar olur. Lakin Türkiyə hərbi təyyarəsi Gürcüstan üzərində qəza zamanı SOS siqnalı verə bilərdi, amma bu cür siqnal belə qeydə alınmayıb və bu kifayət qədər qaranlıq məqamdır. O bölgənin özü Azərbaycan coğrafiyası içərisində deyil. Məhz başqa bir ölkə ərazisində olması, müəyyən ölkələrə yaxın coğrafiyada yerləşməsi şübhəli məqamlar yaradır. Təyyarə həm hərbi yüklər, həm də əsgəri heyət daşıyırdı. Eyni anda Pakistanda terrorçunun özünü partlatması nəticəsində onlarla mülki şəxsin öldürülməsi, Pakistanın daxili ictimai-siyasi həyatını qarışdırmaq istəməsi və bu terrorun təxminən bir neçə saat əvvəl Hindistanda da oxşar bir aktla müşayiət olunması daha böyük plandan xəbər verir. Görünür ki, Hindistan-Pakistan xəttində də nələrinsə, hansısa planların arxasındadırlar", - deyə o vurğuladı.
Əziz Əlibəyli Ermənistanın Azərbaycanın Gədəbəy rayonu ilə sərhədində baş verənlərdən də danışdı:
"Neçə vaxtdır Ermənistan ordusunun sərhəd xəttində möhkəmlənmək istədiyi, yeni silahlar gətirməsi, Paşinyanın dəyişən bəyanatları və artıq bu gün Gədəbəyin Şınıx bölgəsinin Ermənistanla sərhəd zonalarında kəndlərin yandırılması, yəni bütün bunların hər üç müttəfiq ölkənin üçünə də eyni anda xəbərdarlıq kimi bir ipucları daşıdığını təxmin etmək mümkündür".
Aytəkin TOFİQQIZI













