"Xarici müdaxilə şübhəsi olsaydı, Türkiyə daha kəskin bir reaksiya verərdi"

 22:42 12.11.2025     392

"Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması müxtəlif suallar doğurur. Bu təyyarənin qəzaya uğraması çoxsaylı qeyri-müəyyənliklərə səbəb olur, xüsusən də 20-yə yaxın şəhidin, o cümlədən beş aviasiya sektoru ilə əlaqəli şəxsin həyatını itirməsi faktı nəzərə alındıqda məsələ daha da mürəkkəbləşir".

Bu fikirləri Redaktor.az-a politoloq Turab Rzayev Türkiyənin C-130 hərbi yük təyyarəsinin qəzaya uğramasından danışarkən bildirdi.

"Bir tərəfdən "Türkiyə bu hadisəyə qarşı niyə sərt cavab verməyib" sualı məsələni aydınlaşdırır. Əgər xarici müdaxilə şübhəsi olsaydı, Türkiyə daha kəskin bir reaksiyaya keçərdi. Bu, bir çoxlarının gözlədiyi bir məsələdir. Digər tərəfdən, kifayət qədər peşəkar heyətin olduğu və yüksək səviyyədə texniki təchizata malik bir təyyarənin qəzası sualların daha da dərinləşməsinə səbəb olur. Mümkündür ki, burada diversiya faktoru var, amma bu diversiya çox güman ki, yüksək səviyyədə təşkil olunmuş bir kəşfiyyat təxribatıdır".

Siyasi şərhçi əlavə etdi ki, əgər qəzada diversiya baş veribsə, Türkiyənin buna dərhal cavab verməsini gözləmək çətin ola bilər.

"Əksər hallarda Türkiyə düşmənin təxribatına qarşı reaksiyanı gecikdirərək, uyğun zaman gözləyir. Bu zaman rəqib zəifləndikdə və ehtiyatlarını itirdikdə Türkiyə çox sərt və gözlənilməz bir zərbə endirir. Əgər diversiya faktı gerçəkləşibsə, Türkiyə bu təxribatın əvəzini qat-qat daha ağır şəkildə çıxacaq və düşmənin gözləmədiyi bir anda, təhlükəsizlik barədə düşünmədiyi bir vaxtda, çox fərqli və sarsıdıcı bir cavab verəcəkdir. Bu, Türkiyənin daha əvvəlki təcrübələrinə əsaslanaraq, ehtimal olunan bir ssenaridir", - deyə Turab Rzayev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən