"Vətəndaş məmnunluğu yaratmaq istiqamətində tamamilə yeni bir mərhələyə keçirik" - YAP-çı deputat
Ötən gün Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsi və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan icra başçılarını qəbul edərkən bir sıra fikirlər səsləndirib.
"Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək", - deyə dövlət başçısı bildirib.
Redaktor.az-a danışan Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd etdi ki, Prezident İlham Əliyev görüşdə həm idarəetmənin təkmilləşdirilməsi, həm də idarəetmənin fəlsəfəsinin tamamilə yeni əsaslarda formalaşması istiqamətində bir sıra mühüm fikirlər səsləndirdi:
"Bunlardan ən başlıcası yeni rəhbərlərin təyinat yerlərində yeni məmur obrazını, yeni idarə edən obrazının yaradılması ilə bağlı idi. Bu isə əslində dövlət xidmətinin vətəndaşlara qüsursuz, ədalətlə və ən səmərəli formada çatdırılması fəlsəfəsini özündə daşıyırdı. Nəticə etibarilə bizim bu gün əldə etdiyimiz yeni reallıq təkcə hərbi-siyasi və beynəlxalq münasibətlərdə Azərbaycanın yaratdığı yeni reallıq deyil. Azərbaycan prezidenti vətəndaş-dövlət münasibətlərində də bu yeni reallığın nəticələrini görmək, vətəndaş məmnunluğunun artırılması istiqamətində radikal addımların atılmasını istəyir. Tarixi zəfərimizə uyğun olaraq, milli dirçəliş mərhələsinə qədəm qoymağımızı istəyir və burada da sosial ədaləti, idarəetmə keyfiyyətini, rayonlarda iş yerlərinin açılmasını, sosial xidmətlərin artırılmasını önə çəkir".
Deputatın fikrincə, prezidentin səsləndirdiyi bu fikirlər yeni məmur obrazının yaradılmasına xidmət edir:
"Əlbəttə ki, bu fikirlər sadəcə yeni təyin olunan məmurlara şamil edilə bilməz. Azərbaycan prezidenti səsləndirdiyi fikirlərdə bütövlükdə dövlət məmurlarını görmək istədiyi obrazını ifadə etdi. Şübhəsiz ki, zaman-zaman idarəetmədə müəyyən axsamalar olur. Azərbaycan prezidenti də bunu bəzi hallarda daha yüksək vəzifəli məmurlardan irəli gəldiyini açıqlayaraq, əmin olduğunu bildirdi ki, artıq o mərhələ geridə qalıb. "Yüksək vəzifəli məmurlar” deyən zaman kimin və hansı fəaliyyətin nəzərdə tutulduğunu biz bilirik. Artıq isə bu mərhələ Azərbaycanda idarəetmənin keçmişidir. Çünki özbaşına tapşırıqlar verənlər, idarəetməni istismar edənlər artıq qanun qarşısında cavab verirlər.
Azərbaycan prezidenti qeyd etdii ki, hər hansı bir qanun pozuntusu olarsa, yenə də mütləq qanun qarşısında onlar cavab verəcəklər. Mənə elə gəlir ki, hazırda biz idarəetmədə də yeni bir tarixi mərhələyə qədəm qoyuruq. Vətəndaş məmnunluğu yaratmaq istiqamətində tamamilə yeni bir mərhələyə keçirik və bu mərhələ əlbəttə ki, məhz müzəffər Ali Baş Komandanımızın, Azərbaycan prezidentinin obrazını yaratdığı o məmur tipi olmalıdır. Bu isə ölkəmizdə çox böyük vətəndaş məmnunluğuna və sosial rifaha yol açacaq".
Aytəkin TOFİQQIZI













