"Moskva münasibətləri düzəltmək əvəzinə daha da gərginləşdirməyə çalışır" - AÇIQLAMA
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə 14 noyabrda Kiyev şəhərinə edilən raket və dron hücumları zamanı səfirliyin ərazisinə düşən İsgəndər tipli raketlə bağlı kəskin etiraz bildirilib.
Azərbaycan diplomatik nümayəndəliklərinə və SOCAR infrastrukturuna qarşı son illərdə təkrarlanan raket və dron zərbələrinin ardıcıllığı fonunda, bu hücumların məqsədli olub-olmaması ilə bağlı hansı siyasi ehtimallar ön plana çıxır?
Redaktor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov bildirdi ki, Rusiya atdığı addımlarla qəbulolunmaz davranış sərgiləyir:
"Ukrayna torpaqlarının işğalını davam etdirən Rusiya, əslində, bu siyasəti ilə özünü çıxılmaz və daha pis bir vəziyyətə salır. Məlumdur ki, Rusiyanın Ukraynaya hücumları zamanı Azərbaycan diplomatik nümayəndəliklərinə və SOCAR infrastrukturuna qarşı da bu kimi qəbulolunmaz təxribatlar törədilmişdi. Təbii ki, Ukraynaya qarşı qanunsuz və beynəlxalq hüquqa kobud şəkildə hörmətsizlik göstərilən bu müharibədə Azərbaycan da Rusiyanın işğalçı siyasətinin yaratdığı fəsadlarla üz-üzə qalır. Bugünkü vəziyyətdə Rusiyanın atdığı addımlar nə normal məntiqə, nə də dövlət davranışlarına uyğundur. Rusiya məsuliyyətsiz şəkildə Ukraynanın paytaxtını vurmağa davam edir".

Politoloqun fikrincə, Rusiyanın ardıcıl hücumları nəticəsində Azərbaycan diplomatik nümayəndəliyinə də zərərin dəyməsi göstərir ki, Moskva münasibətləri düzəltmək əvəzinə daha da gərginləşdirməyə çalışır:
"Hər halda, artıq Rusiyanın dayaqları mövcud deyil. O, bütün dünyada təcrid olunmuş vəziyyətdədir. Ukraynada apardığı işğalçı müharibəyə görə tənha qalan Rusiya getdikcə daha çox məntiqdən və rasional davranışdan uzaq addımlar atır. Ümumilikdə hesab edirəm ki, Rusiyanın təxribatlarına və işğalçı siyasətinə qarşı dünya daha sərt və kəskin mövqe nümayiş etdirməlidir".
Xədicə BAXIŞLI













