Nikol Paşinyan və sülh prosesi təhlükədə deyil - AÇIQLAMA
Ermənistanda növbəti parlament seçkiləri 2026-cı il iyunun 7-də baş tutacaq. Seçkilərdən sonra hakimiyyətin dəyişməsi ehtimalının ölkə siyasəti və gündəlik həyatına təsirləri diqqət mərkəzindədir.
Bəs Ermənistanda hakimiyyət dəyişilərsə, bunun Azərbaycanla sülh prosesinə təsiri ola bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Qafar Çaxmaqlı bildirdi ki, Ermənistanda 2026-cı ildə parlament seçkiləri ərəfəsində gərgin bir mübarizə var.
"Müxalif qüvvələr birləşib, hakimiyyət isə əlində olan bəzi imkanlardan istifadə edərək bu seçkilərdə qalib olmaq istəyir. Mən düşünmürəm ki, Ermənistanda hakimiyyət dəyişikliyi olacaq, çünki sülh prosesini Nikol Paşinyanın rəhbərliyi ilə “Vətəndaş Müqaviləsi” Partiyası uğurla aparmaqdadır və rəqiblərin elə ciddi arqumentləri yoxdur ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilsinlər. Şübhəsiz ki, əgər belə bir ehtimal olarsa və hakimiyyət dəyişilə bilərsə, sülh danışıqlarına bunun təsiri ola bilər. Baxarıq, hakimiyyətə kim gələcək və onların yanaşması necə olacaq. Amma hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Ermənistanda belə bir ab-hava var ki, Azərbaycanla sülhə getsinlər, Türkiyə ilə sərhədləri açsınlar və diplomatik münasibətlər qurulsun. Bunun alternativi yoxdur", - deyə o vurğuladı.
Nuriyyə NATİQQIZI













