Fransa buna görə Azərbaycanla əlaqələri yaxşılaşdırmağa çalışır - Politoloq AÇIQLADI

 23:04 18.11.2025     339

"Hazırda Ukrayna sahəsində əsas qarşı-qarşıya gələn ölkələr Fransa, Almaniya və Rusiyadır. Əslində, ABŞ əvvəlki mərhələlərdə olduğu kimi birbaşa cəbhəyə müdaxilə etməkdən çəkinib və bu məsələni əsasən Avropa ölkələrinin üzərinə qoyub. Avropa İttifaqı vasitəsilə, xüsusilə Almaniya və Fransa Rusiyaya qarşı cəbhə alıblar. Böyük Britaniya isə daha açıq şəkildə Rusiyaya qarşı bəyanatlar verir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev Fransanın Rusiya ordusunun Kiyevdəki Azərbaycan səfirliyini "İsgəndər" raketi ilə vurmasını qətiyyətlə pisləməsindən danışarkən bildirdi.

Onun sözlərinə görə, Fransa üçün bu vəziyyət bir növ fürsət yaradır, çünki hər hansı bir beynəlxalq qınama və ya ictimai təzyiq olsa, o, Rusiyaya qarşı daha möhkəm mövqe tutaraq, beynəlxalq birlikdə öz nüfuzunu artırmağa çalışır.

"Rusiya yalnız Ukraynaya qarşı təcavüzü ilə kifayətlənməyib, həm də Azərbaycanın və Türkiyənin maraqlarına qarşı da hücumlar həyata keçirib. Bu vəziyyətdə Fransa Rusiyaya qarşı üstünlük əldə etməyə çalışır və beynəlxalq səviyyədə təzyiq yaratmağa yönələn bir mövqe tutur. Digər məsələ isə Fransa ilə Azərbaycan arasındakı münasibətlər tarixən yüksək səviyyədə olub, xüsusilə mədəniyyət və incəsənət sahələrində əməkdaşlıq mövcud idi. Lakin son dövrlərdə Fransanın Ermənistana açıq dəstəyi nəticəsində münasibətlər gərginləşmişdi. Bu gərginlikdən sonra Fransa ilə münasibətlərin bərpası üçün bir neçə dəfə təşəbbüs göstərilsə də, hər dəfə müəyyən problemlər ortaya çıxıb və münasibətlər pozulub. Buna baxmayaraq, Fransa bu vəziyyəti düzəltmək və Azərbaycanla münasibətləri yenidən normallaşdırmağa çalışır. Bu vəziyyətdə Fransa həmçinin Mərkəzi Asiya ölkələrindən, xüsusilə Özbəkistan və Qazaxıstandan enerji ehtiyatlarını, xüsusilə nüvə reaktoru üçün lazım olan yanacağı əldə etmək məqsədilə Azərbaycanın ərazisini alternativ marşrut kimi nəzərdən keçirir. Yeganə strateji dənizə çıxış imkanı olan ölkə Azərbaycan olduğuna görə, Fransa bu məsələdə Azərbaycanın əhəmiyyətini daha yaxşı dərk edir və buna görə də ölkə ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Bu iki məqam Fransa ilə Azərbaycan arasındakı münasibətləri və beynəlxalq siyasətdəki mövqeləri aydınlaşdıran vacib aspektlərdir", - deyə siyasi şərhçi yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən