"Zelenski üçün əsas hədəf Türkiyənin dəstəyi ilə cəbhədə nəfəs almaqdır" - AÇIQLAMA

 19:37 19.11.2025     479

"Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyə səfərinə baxanda görürsən ki, bu, tək diplomatik jest deyil, həm Ankara, həm də Kiyev üçün strateji dönəmin davamıdır. Türkiyə Ukrayna məsələsində həm siyasi, həm hərbi, həm də vasitəçilik rolunda özünü sabit aktor kimi qoruyub saxlayır və Zelenski də bunun davamlı olmasını istəyir. Səfərin əsas xəttini Türkiyədən əlavə hava hücumundan müdafiə sistemləri, dron komponentləri və istehsal əməkdaşlığının genişləndirilməsi təşkil edəcək".

Bu fikirləri Redaktor.az-a siyasi şərhçi Tural İsmayılov Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfərindən gözləntilərindən danışarkən bildirdi.

Tural İsmayılov: “Azərbaycanın lider mövqeyi beynəlxalq arenada daha da  güclənir”

"Ukrayna "Bayraktar TB2" modelləri ilə kifayətlənmək niyyətində deyil, artıq birgə istehsalın miqyasını və texnoloji səviyyəsini artırmaq istəyir. Ankara da Kiyevlə bu cür yüksək səviyyəli əməkdaşlığı regionda öz təsirinin möhkəmlənməsi kimi görür. Siyasi müstəvidə Zelenski Türkiyənin balanslı rolunu gücləndirmək üçün danışıqlar masasında yeni mexanizmlər təklif edə bilər, xüsusən də taxıl dəhlizi və əsir mübadiləsi kimi həssas mövzularda. Türkiyə üçün bu səfər NATO daxilində Ukrayna ilə əməkdaşlığın vacibliyini yenidən göstərmək imkanıdır, çünki Ankara həm də Qara dəniz təhlükəsizliyinin qarantı olmaq istəyir. Ukrayna isə Türkiyənin dron və raket istehsalı sahəsindəki gücünü strateji üstünlüyə çevirmək niyyətindədir. Bu səfər iki ölkə arasındakı müdafiə sənayesi xəttini daha da sıxlaşdıracaq və uzunmüddətli tərəfdaşlığı institusional formaya salacaq. Zelenski üçün əsas hədəf Türkiyənin dəstəyi ilə cəbhədə nəfəs almaqdır, Türkiyə üçünsə bu, geosiyasi çəkisini yenidən təsdiqləmək anıdır. Nəticə olaraq, səfər həm Ukraynanın dirəniş imkanlarını gücləndirəcək, həm də Türkiyəni regionun əsas siyasi-mənəvi dayaqlarından biri kimi bir daha önə çıxaracaq", - deyə politoloq yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən