"ABŞ-nin Ukraynada rus dilinə dövlət dili statusu verilməsini istəməsi, olduqca absurd bir tələbdir"
"Amerika Birləşmiş Ştatları və Rusiya arasında yenidən səhnəarxası gizli danışıqların başlandığı haqqında məlumatlar artıq yayılmağa başlayıb. İlkin məlumatlara görə, ABŞ Ukraynanı artıq çox zəif bir dövlət hesab edir və ona görə də rəsmi Kiyevin Rusiyanın şərtlərinə razılaşmalı olduğunu düşünür".
Bu fikirləri Redaktor.az-a politoloq Elçin Xalidbəyli ABŞ-nin Ukraynada münaqişəni həll etmək üçün hazırladığı yeni təkliflərdə Kiyevin bir sıra ərazilərdən və “bəzi növ silahlardan” imtina etməsinin nəzərdə tutulmasından danışarkən bildirdi.
"Ağ Evdə hesab edirlər ki, Rusiyanın Krım və işğal olunmuş digər ərazilərlə bağlı tələbləri qəbul oluna bilər. Bu, o qədər də ağır şərtlər deyil. Ən pisi də ondan ibarətdir ki, Rusiya sülh sazişinin imzalanması üçün Ukraynanın həm ordusunun zəiflədilməsini, sayının azaldılmasını, həm də Ukraynada dövlət dili olaraq rus dilinin statusunun yüksəldilməsini tələb edir. Yəni Ukraynada rus dilinə dövlət dili statusu verilməsini istəyir. Halbuki bu, olduqca absurd, məntiqsiz və yolverilməz bir tələbdir. Çünki Ukrayna müstəqil dövlətdir və müstəqil dövlət olaraq öz dövlət dili mövcuddur, rus dilinə də elə bir ciddi ehtiyacı yoxdur".

Politoloqun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Rusiya sülhdən daha çox neo-imperialist, aqressiv tələblərinin qəbul olunmasına cəhd göstərir:
"Rəsmi Kiyevin bu tələbləri qəbul edəcəyi hələlik inandırıcı görünmür. Böyük ehtimalla Ukrayna rəsmi dairələri bu təklifləri rədd edəcəklər. Artıq bu barədə ilkin mesajlar da verilməyə başlayıb ki, Ukrayna Rusiyanın neo-imperialist tələblərini, şərtlərini qəbul etmək niyyətində deyil. Ukrayna öz ərazilərini Rusiyaya güzəştə getməyə hazırlaşmır.
Bu baxımdan hesab etmək olar ki, ABŞ və Rusiya arasında səhnəarxasında Ukraynanın iştirakı belə olmayan danışıqlar prosesi növbəti dəfə iflasa uğramağa məhkumdur".
Aytəkin TOFİQQIZI













