ABŞ-nin təklifi Zelenskini çətin vəziyyətdə qoyub - ŞƏRH
"Hazırda ABŞ və Rusiya arasında, həmçinin Ukrayna ilə bağlı Donald Trampın komandasının planı müzakirə edilməkdədir və Ukrayna liderinin, ümumiyyətlə Ukrayna dövlətinin yəqin ki, yaxın iki gündə bütün bu təkliflərlə bağlı rəsmi şəkildə fikri açıqlanacaqdır".
Bu fikirləri Redaktor.az-a Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşünü şərh edən politoloq Zaur Məmmədov bildirdi.
"Əslində Zelenskinin Amerika nümayəndələri ilə də İstanbulda görüşü gözlənilirdi, lakin amerikalılar Zelenski ilə görüşə gəlmədilər. Zelenski daha sonra Kiyevə qayıtdıqdan sonra bu dəfə diplomatlarla deyil, hərbçilərlə görüşdü və çox güman ki, orada da mühüm məqamlar açıqlanıb. O ki qaldı Türkiyəyə, bəli, hər kəs yaxşı bilir ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında müsbət rol oynaya bilir və ümumiyyətlə, Türkiyə bu və digər müharibələrdə, ziddiyyətlərdə, münaqişələrdə konstruktiv mövqe nümayiş etdirərək tərəflərin etibarını qazanmağa müvəffəq olub.

Lakin müharibənin dayandırılması və atəşkəsin elan edilməsi tərəflərin baxış bucaqlarından da asılıdır və tərəflərin mövqelərindəki fikirlər çox önəmlidir. Burada yəqin ki, son olaraq ABŞ tərəfindən təqdim edilən plana Rusiya tərəfindən fərqli yanaşılacaq, Ukrayna isə bu plana o qədər də nikbin baxmayacaqdır və Trampın ətraf komandasının verdiyi planın qəbul edilməsi böyük sual altındadır. Gözləyək görək, yaxın bir həftədə nə baş verəcək. Amma görünən odur ki, Ukrayna daxilindəki qalmaqallar və verilən təklifin daha çox birtərəfli üstünlük verməsi Zelenskini ciddi qərar vermək qarşısında çətin vəziyyətdə qoyub", - deyə o vurğuladı.
Nuriyyə NATİQQIZI












