"Rusiya "3+3" platforması ilə Cənubi Qafqazdakı təsirini qorumağa çalışır" - Deputat

 19:05 24.11.2025     349

""3+3" regional əməkdaşlıq platformasının bu günə qədər üç görüşü keçirilib və bu görüşlər Rusiya, İran və Türkiyə ərazisində baş tutub. Sonuncu görüş Türkiyədə təşkil olunub. Platformanın digər iştirakçıları isə Azərbaycan, Ermənistan və Gürcüstandır. Gürcüstanın bu prosesdə fəallığı isə Rusiya amilinə görə nisbətən məhdud olub və ölkə platformada daha çox kənarda qalıb. Lakin, "3+3" platforması hələ də aktiv şəkildə fəaliyyət göstərir və burada siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika məsələləri və regional təhlükəsizlik kimi sahələrdə kommunikasiyalar mövcuddur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov Rusiya Xarici İşlər Nazirliyinin "3+3" formatında keçiriləcək görüşün Azərbaycan və Ermənistan ərazisində keçirilməsinə dair etdiyi təklifdən danışarkən bildirdi.

Onun sözlərinə görə, hazırda diqqət "3+3" platformasının gələcək görüşlərinin hansı ölkələrdə keçirilməsi məsələsinə yönəlir:

"Rusiya bu məsələdə təşəbbüs göstərərək, 2025 və 2026-cı illərdəki iki görüşün məhz Azərbaycan və Ermənistan ərazisində baş tutmasını təklif edir. Bununla Rusiyanın məqsədi, həmçinin özünün regional proseslərdə iştirakını göstərməkdir. Rusiya ilə münasibətləri nisbətən gərgin olan Gürcüstanın bir qədər kənarda qalması, diqqətləri Bakı və İrəvana yönəldir və bu müstəvidə təşəbbüskar qismində məhz Rusiya çıxış edir. Bununla da Rusiya Cənubi Qafqaz regionunun hüdudlarında kənara çıxan bir platformanın funksionallığının sürətləndirilməsində maraqlı olduğunu göstərmiş olur. Bu platforma iqtisadi və siyasi əməkdaşlıq, regional təhlükəsizlik və enerji məsələlərini əhatə edən bir əməkdaşlıq modelidir və Qərbin, xüsusilə ABŞ, Avropa Birliyi və Çinin təsirinin minimal olduğu bir formatdır. Bu, Rusiyanın bölgədəki mövqeyini gücləndirmək və öz maraqlarını qorumaq üçün mühüm bir təşəbbüsdür. Qərbin bu platformada iştirak etməməsi, Rusiyanın bu cür təşəbbüslərlə regionda daha fəal siyasət yürütməyə şərait yaradır. Rusiya tərəfi, xüsusilə də Azərbaycan və Ermənistan arasında dialoqu təşviq etməklə, Cənubi Qafqazdakı proseslərdə daha çox nüfuz qazanmağa çalışır".

Deputat qeyd etdi ki, platformanın yaradılması təşəbbüsü əsasən Azərbaycan və Türkiyənin ideyası olub və bu ölkələrin maraqları da bu platformanın işlək vəziyyətdə saxlanılmasında böyük rol oynayır.

"Bu platformanın fəaliyyəti Azərbaycan və Türkiyənin milli maraqlarının təmin olunmasına şərait yaratmalıdır. Qəbul ediləcək istənilən qərar bu maraqların təmin olunmasına xidmət edəcəyinə əminəm. Bununla yanaşı, növbəti görüş yeri üçün Bakı və İrəvanı təklif edən Rusiyanın məqsədi Türkiyəni prosesdən kənarda saxlamaq deyil, sadəcə olaraq Cənubi Qafqazdakı proseslərdə öz iştirakını göstərməkdir. İstənilən halda, Azərbaycanın milli maraqları hər şeydən üstündür və bəlli məsələdir ki, bu platformada ölkənin maraqlarına zidd hər hansı bir prosesin cərəyan etməsi yol verilməzdir. O ki, qaldı görüş yeri məsələsinə, düşünürəm ki, yaxın vaxtlarda müxtəlif kanallar üzərindən məsləhətləşmələr apararaq, tərəflər yekun qərarın əldə olunmasına nail olacaqlar ", - deyə Azər Allahverənov bildirdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən