“Xalqlar arasında etimadın formalaşması sülh müqaviləsi qədər vacibdir” - Bəhruz Məhərrəmov
Xəbər verdiyimiz kimi, 21-22 noyabr 2025-ci il tarixlərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycanda səfərdə olub.
Ermənilərin Bakıya səfərini Redaktor.az-a şərh edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirdi ki, Azərbaycan və Ermənistan arasında 30 ildən artıq davam etmiş müharibə, bu çərçivədə Ermənistanın dövlət siyasəti olaraq azərbaycanlılara və Azərbaycan dövlətinə qarşı törətdiyi çoxsaylı cinayətlər fonunda ölkələr və xalqlar arasında etimat mühitinin qurulması ən azı sülh müqaviləsinin imzalanması qədər vacib nüansdır:
"Qalib tərəf olmağımıza baxmayaraq məhz cənab İlham Əliyevin təşəbbüsü ilə regionda sülh səylərinə start verilməsi, sərhədlərin delimitasiya və demarkasiyasından tutmuş qarşılıqlı hava məkanlarının açılması, o cümlədən Azərbaycan ərazisindən istifadə edillməklə Ermənistana tranzit məhdudiyyətlərinin götürülməsi fonunda, eləcə də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsinə dair sazişin paraflanması siyasi və diplomatik səviyyədə müəyyən etimad elementləri meydana çıxarıb. Lakin xalqlar arasında qarşılıqlı etimadın formalaşması zaman aparır və bu prosesdə daha çox vətəndaş cəmiyyəti institutlarının aktivliyi zəruridir. Bu mənada bir müddət öncə Azərbaycan vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin İrəvana səfəri və ardınca Ermənistandan eyni qaydada Bakıya səfərin təşkil olunması həm qarşılıqlı etimad mühitinin yaranması, həm də sülh prosesi istiqamətində siyasi və diplomatik gedişlərin dayanaqlılığına müsbət təsiri qaçılmazdır".
Nuriyyə NATİQQIZI












