Zelenski sülh müqaviləsini imzalayacaq? - AÇIQLAMA

 20:03 26.11.2025     496

Xəbər verildiyi kimi, ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə sülh planı 28 bənddən 19-a endirilib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elşad Həsənov bildirdi ki, bu prosses Ukrayna və Amerika nümayəndələri, o cümlədən ABŞ-nin dövlət katibi Marko Rubionun iştirak etdiyi danışıqlar nəticəsində əldə olunub:

"Eyni zamanda, Avropa İttifaqı da öz sülh planını təqdim edib, amma bu planın ən böyük əleyhdarı Avropa İttifaqının liderlərindən biri, Fransa Prezidenti Emmanuel Makron olub. O bildirir ki, bu cür bir plan, əslində Avropanın təhlükəsizliyini təhdid edir. Makronun fikrincə, Ukraynanın kapitulyasiya etməsi, Rusiyanın daha da güclənməsinə gətirib çıxara bilər və bu da gələcəkdə Avropa ölkələrinə böyük təhlükə yarada bilər. Buna görə də, o, Trampı daha qətiyyətli olmağa çağırır. Ancaq Trampın onun məsləhətlərini dinləmək məcburiyyətində olmadığı aydın görünür".

Azərbaycanın müstəqil siyasətini həzm edə bilmirlər” – Elşad Həsənov - ÖZƏL

Siyasi şərhçi əlavə etdi ki, Ukraynanın başçılığı altında İsveçrədə keçirilən danışıqlarda müəyyən məsələlərə razılıq əldə edilib, amma hələ də bəzi məsələlər həllsiz qalıb:

"Bu məsələlərin həlli üçün Trampın və Zelenskinin gələcəkdə görüşməsi gözlənilir. Trampın müharibəni sülh şəraitində dayandırmaq istəməsi təqdirəlayiqdir, çünki özünün dediyinə görə, o, daha əvvəl 8 müharibəni dayandırıb. Əgər Tramp bu dəfə Rusiya-Ukrayna müharibəsini dayandırarsa, bu, onun tarixdəki böyük uğuru olacaq. Lakin bu, nə qədər realdır? Hazırkı dövrdə, xüsusən də müharibənin gedişatını nəzərə alsaq, Rusiyanın müharibəni dayandırmaq istəmədiyini görürük. Hərçənd ki, Rusiya da ciddi itkilər verir, amma son günlərdə onlar həm Dnepropetrovsk, həm də Xarkov ətrafında yeni yaşayış məntəqələri ələ keçirirlər. Rusiya, o cümlədən prezident Putin, müharibəni dayandırmaq istəsə də, bu, yalnız bir şərtlə mümkün olacaq - Rusiyanın üzərinə qoyulmuş sanksiyaların yüngülləşdirilməsi və iqtisadi çətinliklərin aradan qaldırılması ilə. Rusiyanın iqtisadiyyatı hal-hazırda ciddi çətinliklər içindədir və sanksiyaların azaltılması bu çətinlikləri azalda bilər. Bu, sülh müqaviləsinin bağlanması üçün əsas motivasiyalardan biridir. Trampın dediyinə görə, noyabrın 27-nə qədər sülh müqaviləsinin hazır olması və Zelenskinin onu imzalaması gözlənilir".

Müsahibimiz Trampla Zelenskinin gorüşəcəyinə inanmadığını da əlavə etdi:

"Çünki bu müqavilədə Zelenskinin səlahiyyətindən kənar məsələlər də var və bu, danışıqların çətinləşməsinə səbəb ola bilər. Buna baxmayaraq, sülh və atəşkəsin bərqərar olması, ən azından ölüm hallarının dayanması mümkündür. Qalan məsələlər isə diplomatik yollarla həll edilə bilər. Lakin, görünən odur ki, Rusiya hələ də Donbası, Luqansk, Zaporojye və Xerson vilayətlərini tam olaraq ələ keçirmək istəyir. Bu barədə razılığa gəlmək və ya gəlməmək hələ də məlum deyil. Danışıqlar davam edir və sülh müqaviləsinin tezliklə bağlanacağı gözlənilmir. Bu proses hələ uzun çəkəcək kimi görünür".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən