"Paşinyan köhnə Qarabağ klanının təsirini zəiflətmək istəyir" - AÇIQLAMA

 18:25 01.12.2025     747

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı iştirakını rəsmi şəkildə dondurub və artıq təşkilatın iclaslarında, qərar qəbuletmə proseslərində və hərbi-siyasi müzakirələrində iştirak etmir. Bununla Ermənistan faktiki olaraq KTMT ilə əməkdaşlığını minimuma endirib.

Ermənistanın bu qərarı onun daxili siyasi gündəmi və Ermənistanın Baş naziri Nikol Paşinyanın mövqeyi ilə bağlı nə mesaj verir?

Redaktor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov bildirdi ki, Ermənistanın KTMT-ni “dondurması” Paşinyanın həm daxili auditoriyaya, həm də xarici mərkəzlərə verdiyi açıq siyasi siqnaldır. Onun sözlərinə görə, Paşinyan "köhnə təhlükəsizlik çətirinə artıq güvən yoxdur" mesajını gündəmə gətirir:

"Bu qərar cəmiyyətə yönəlik “biz Moskvanın orbitindən çıxmağa çalışırıq” mesajıdır və Paşinyan bununla öz elektoratında Qərb yönümlü imicini gücləndirir. Axı erməni cəmiyyətində KTMT-yə qarşı kəskin məyusluq formalaşıb və Paşinyan bu emosiyanı siyasi kapitala çevirir. O, daxildə məsuliyyəti də ustalıqla bölüşdürür: təhlükəsizlikdəki boşluqların günahını dolayısı ilə Rusiyanın üzərinə yükləyir. Eyni zamanda bu addım Paşinyanın institusional deyil, şəxsi siyasi xəttinin üstün olduğunu göstərir. Ermənistan hələ KTMT-dən çıxmayıb, sadəcə prosesi uzadır, yəni qapıları tam bağlamır. Bu, riskləri ölçərək oynanan siyasətdir: nə Moskvanı tam qarşısına alır, nə də Qərbə tam zəmanət verir".

Tural İsmayılov: “Azərbaycanın lider mövqeyi beynəlxalq arenada daha da  güclənir”

Politoloq qeyd etdi ki, daxili müstəvidə Paşinyan silovik elitanın və köhnə Qarabağ klanının təsirini zəiflətmək istəyir:

"KTMT-dən uzaqlaşma həmin çevrələrin dayaqlarını da avtomatik sarsıdır. Bu qərar həm də onu göstərir ki, Ermənistanın təhlükəsizlik konsepsiyası artıq kollektiv hərbi bloklara deyil, ikitərəfli siyasi dəstəyə bağlanır. Paşinyan faktiki olaraq deyir ki, “məni təşkilatlar yox, geosiyasi balans xilas edəcək”. Amma bu strategiya risklidir, çünki Ermənistan konkret "hərbi" zəmanətdən könüllü şəkildə uzaqlaşır. Yəni Paşinyan daxildə Qərbə açılım imici qazanır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən