“Trampın 28 bəndlik sülh təklifi Ukraynanı alçaltmaqdır” - Zərdüşt Əlizadə
"Rusiyanın əhalisi Ukrayna əhalisindən altı dəfə çoxdur. Pulu, silahı Ukraynadan çoxdur. Ukraynanın müqavimət göstərməsi iki şərtlə izah edilir. Birinci şərt odur ki, Ukrayna əsgərlərinin əzmi, qəhrəmanlığı, vətən sevgisi çox yüksəkdir. İkincisi, Qərb Ukraynaya Rusiyaya nisbətən çatışmayan maliyyə, sursat, hərbi silah yardımını göstərir".
Bu fikirləri Redaktor.az-a politoloq Zərdüşt Əlizadə Rusiya-Ukrayna müharibəsinin gedişatında verilən təkliflərdən danışarkən bildirdi.
"Qərb Ukraynaya yardımı kəssə, geriyə yalnız ordunun rəşadəti, vətən sevgisi qalır. Bir tərəfdə Rusiyanın hərbi gücü, iqtisadi üstünlüyü, pul üstünlüyü, silah üstünlüyü, digər tərəfdən Ukrayna əsgər-zabirlərinin rəşadəti. Bu rəşadətlə nə qədər döyüşmək olar? Müharibədə maddi ehtiyatlar, silah, sursat həlledicidir. Əlbəttə ki, Ukrayna kişilərinin vətənini müdafiə etmək əzmi, Donbası itirməmək əzmi çox təqdirəlayiqdir. Trampın 28 bəndlik sülh təklifi Ukraynanı alçaltmaqdır, uşaqlaşdırmaqdır. Ukraynanın beynəlxalq hüquq subyekti kimi hüquqlarını tanımamaqdır. Sən Ukraynaya təklif edirsən ki, torpaqlarından imtina et. Bizə kimsə gəlib desəydi ki, Qarabağdan imtina etet, biz onu qəbul edərdik? Etməzdik. Etmədik də. Ukraynaya deyirlər ki, sən torpaqlarından imtina et. Öhdəlik götür ki, sən yalnız və yalnız öz xarici siyasətini Rusiyanın diktəsi ilə aparacaqsan. Bu, Ukraynanın suveren dövlət hüququnu pozmaq deməkdir. Həm Ukrayna Prezidenti Volodimir Zelenski, həm Ukrayna ordusu, həm Ukrayna cəmiyyəti ədalətli yerdədir".
Politoloq vurğuladı ki, Zelenskiyə təzyiq etmək üçün korrupsiya qalmaqalı qaldırıblar:
"Əlbəttə ki, korrupsiyaya bulaşmış ölkə başçısı dövlətin əmanətini öz canı xatirinə, öz təhlükəsizliyi xatirinə güdaza verməlidir. Bu, başa düşülən, anlaşılan bir şeydir. Yəni bu, Qərbin ümumi siyasətidir ki, öz mənafeyi naminə ona aldanmış, ona uymuş, onun vədlərinə güvənmiş dövlətlərin mənafeyini həmişə güdaza verib".
Aytəkin TOFİQQIZI












