Zelenski sıxışdırılır? - Yeni sülh planı Ukraynanı ağır dilemma qarşısında qoyur

 20:34 24.12.2025     538

"Ukrayna ilə Amerika Birləşmiş Ştatları arasında əldə olunan 20 maddəlik razılaşmada Rusiya-Ukrayna müharibəsinin dayandırılması, Rusiyadan tələblər və Ukraynanın üzərinə düşən öhdəliklər bəndlər üzrə əks olunub. Lakin bu maddələrə baxdıqda, Ukraynanın sənədlə razılaşdığı görüntüsü yaransa da, Ukraynanın ərazi itkilərini ehtiva edən müddəaların mövcud olduğu da aydın görünür. İlk növbədə sual yaranır: Zelenski bu ərazi itkiləri ilə razılaşacaqmı? Bu razılaşma Ukrayna parlamentində qəbul ediləcəkmi? Ukrayna ordusu, müxalifət və cəmiyyət bu itkilərə razı olacaqmı? Bu suallar hələ də açıq qalır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı hazırlanan 20 bəndlik yeni sülh planından danışarkən bildirdi.

Onun sözlərinə görə, sənəddə Rusiya üçün qəbuledilməz olan bəndlərin də yer aldığı görünür:

"Xüsusilə Ukraynanın NATO, Avropa İttifaqı və ABŞ-nin təhlükəsizlik zəmanəti altında qalması, NATO-nun 5-ci maddəsinə bənzər mexanizmlə qorunacağı ilə bağlı müddəalar diqqət çəkir. Beynəlxalq hüquq baxımından NATO üzvü olmayan Ukraynaya bu cür zəmanətin necə veriləcəyi sual altındadır. NATO ölkələrinin buna razılaşıb-razılaşmayacağı da qeyri-müəyyəndir. Çünki NATO üzvü olmayan bir ölkənin alyansın 5-ci maddəsindən faydalanması real görünmür və NATO ölkələrinin Ukraynanı bu çərçivədə qorumağa razılıq verməsi ehtimalı zəifdir. Sənəddə Ukraynanın Avropa İttifaqının himayəsi altında olacağı da qeyd olunur. Halbuki Avropa İttifaqının vahid ordusu yoxdur və Avropanın özü də hazırda ciddi iqtisadi çətinliklər yaşayır. Bu şəraitdə Ukraynanın Avropa çətiri altında təhlükəsizlik zəmanəti alması da qeyri-müəyyən görünür".

Sayt > Çap versiyası > Azərbaycana görə Pakistan və Türkiyəyə mesaj  verilir? – Təyyarə qəzasında müəmma

Müsahibimizin fikrincə, ABŞ ilə Avropa arasında mövcud olan fikir ayrılıqları da nəzərə alınmalıdır:

"ABŞ-nin NATO üzərindən Avropa ölkələri ilə zaman-zaman qarşıdurma yaşadığı məlumdur. Xüsusilə Fransa Prezidenti Emmanuel Makronun “NATO-nun beyin ölümü baş verib” ifadəsi bu fikir ayrılıqlarının açıq göstəricisi olub. Bu səbəbdən Avropa ölkələrinin ABŞ-nin razılaşdığı maddələrlə tam şəkildə razılaşması çətin görünür. Hətta razılaşma olsa belə, NATO və Avropa İttifaqında yekdil qərarın qəbul edilməsi real ehtimal deyil. Xüsusilə Macarıstan və Belçikanın Avropa İttifaqı daxilində Rusiyaya yaxın mövqe tutaraq bir sıra qərarlara qarşı çıxdıqları da unudulmamalıdır. Eyni zamanda Rusiyanın hazırda nəzarətində saxladığı və işğal etdiyi ərazilərdən qismən geri çəkilməsi, bəzi şəhərlərdə isə mövcud nəzarəti qoruması ilə bağlı müddəaların Moskva tərəfindən qəbul ediləcəyi də inandırıcı görünmür. Rusiya dəfələrlə işğal etdiyi ərazilərin hamısında qalmaq niyyətində olduğunu bəyan edib. Bundan başqa, Ukrayna ordusunun sayının 800 min nəfərlə məhdudlaşdırılması da Rusiyanın razılaşmayacağı bəndlərdən biri kimi görünür. Çünki Moskva Ukraynanın daha zəif və məhdud hərbi potensiala malik olmasını istəyir".

Politoloq qeyd etdi ki, sənəd daha çox ABŞ-nin təşəbbüsü və təzyiqi ilə hazırlanmış, Ukraynaya müəyyən mənada məcburi şəkildə qəbul etdirilən bəndlər toplusu təsiri bağışlayır.

"Zelenskinin bu maddələrlə razılaşması Ukraynanın bütövlükdə parlamentin, müxalifətin, ordunun və cəmiyyətin bu razılaşmanı qəbul edəcəyi anlamına gəlmir. Eyni zamanda Rusiyanın da qəbul etməyəcəyi bir sıra müddəalar mövcuddur. Bu səbəbdən sənəddə əksini tapan bəndlərin üzərində aparılacaq danışıqlar zamanı ciddi dəyişikliklərin ediləcəyi artıq indidən aydın görünür".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən