Tehran ABŞ-nin xəbərdarlığını qulaqardına vurur: nəticələr nə ola bilər? - ŞƏRH
İranın məhkəmə-ədliyyə sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ejei etirazlarla bağlı həbs olunanların məhkəmə və cəza proseslərinin sürətləndiriləcəyini deyib. Bundan əvvəl isə ABŞ Prezidenti Donald Tramp İrana edamlarla bağlı xəbərdarlıq edib. O, Vaşinqtonun buna kəskin reaksiya verəcəyini bildirib.
İranın bu xəbərdarlığa rəğmən cəza prosesini sürətləndirməsi nəylə nəticələnə bilər?
Politoloq Tural İsmayılov Redaktor.az-a açıqlamasında bildirdi ki, İranın ABŞ-nin xəbərdarlığına rəğmən cəza proseslərini sürətləndirməsi bir neçə ciddi nəticəyə gətirib çıxara bilər:
"Birincisi, Amerika-İran münasibətləri daha da gərginləşəcək. Tramp administrasiyası bu addımı meydan oxuma kimi qiymətləndirəcək və cavab tədbirləri görməli olacaq. Sanksiyaların genişləndirilməsi, beynəlxalq arenada İranın izolyasiyasının dərinləşdirilməsi, hətta məhdud hərbi əməliyyatlar müzakirə oluna bilər. Bu isə regionda mövcud gərginliyi daha da artıracaq və özünü yeni böhran nöqtələrində göstərə bilər.
İkincisi, Tehranın bu qərarı daxili siyasətdə konkret mesaj verir. Hakimiyyət etirazları sürətli və sərt tədbirlərlə yatırtmaq strategiyasını seçir. Sürətli məhkəmə prosesləri həm əhali arasında qorxu yaratmaq, həm də xarici təzyiqlərə boyun əyməyəcəyini nümayiş etdirmək məqsədi daşıyır. ABŞ-nin müdaxilə təhdidi isə milli birlik və xarici düşmənə qarşı müqavimət ritorikasına çevrilir.
Üçüncüsü, beynəlxalq ictimaiyyətin reaksiyası İranı daha da təcrid edə bilər. Avropa ölkələri və digər tərəfdaşlar insan haqları pozuntularına görə İranla əlaqələri yenidən nəzərdən keçirə bilərlər. Bu, iqtisadi və diplomatik baxımdan İranın mövqeyini zəiflədəcək".

Onun sözlərinə görə aparılan strategiya ikitərəfli risklər daşıyır.
"Edamlar narazılığı tamamilə aradan qaldırmayacaq, əksinə onu yeraltı hərəkata və ya gələcək partlayışlara çevirə bilər. ABŞ üçün isə real cavab vermək zərurəti yaranır, əks təqdirdə gələcək xəbərdarlıqlar etibarsız qalacaq və beynəlxalq arenada inam itkisi baş verəcək", - deyə siyasi şərhçi yekunlaşdırdı.
Xədicə BAXIŞLI













