"Hədəf Vaqif Xaçaturyandan əbədi qisas almaqdır, ya bölgəni bir sülh zolağına çevirməkdir?" - Fazil Mustafa
"Belə məsələlərdə Azərbaycan dövlətinə güvənmək lazımdır. Azərbaycan Prezidenti hər halda hansısa bir jest edirsə, deməli, bu, böyük sülh sazişi üçün lazım olan zəruri jestdir. Bunu cəmiyyətdə müzakirə edirlər: qatillər verildi və s. Bu qatilləri kim tutmuşdu? Azərbaycan Prezidentinin nəzarəti altında bu işlər həyata keçirilib".
Bunu Redaktor.az-a Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa Azərbaycanda cəza çəkən 4 nəfər - Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abrahamın Ermənistana təhvil verilməsindən və bunun cəmiyyətdə birmənalı qarşılanmamasından danışarkən qeyd etdi.
Millət vəkili vurğuladı ki, biz bu şəxsdən əbədi qisas almaq yolu tutmuruq:
"Biz əsas problemi həll etmək istəyirik. Həll eləmək istəyəndə bəzən bu əsirlər də müəyyən problemin həllində, böyük sülh sazişi üçün vasitə olurlar. Bundan da istifadə etmək lazımdır. Qarşılıqlı jestlər, güzəştlər lazımdır. Məncə, bu məsələdə hər hansı rəyə yer yoxdur. Sülh sazişi üçün qarşılıqlı atılan addımlardan biridir və bu güzəştləri də cəmiyyətimiz anlayışla qarşılamalıdır. Hədəf nədir? Hədəf kimdənsə, Vaqif Xaçaturyandan əbədi qisas almaqdır, ya Azərbaycanı müharibə riskindən qurtarıb bölgəni bir sülh zolağına çevirməkdir? Əlbəttə, ikincidir. İkincidirsə, burada şəxslərin məsələsi o qədər böyük önəm daşımır. Əsas hədəf Azərbaycan məsələsidir. Onu da həll eləməyə ölkə prezidenti əgər qol qoyubsa, indiyə qədər torpaqları azad edibsə və bunlar onun rəhbərliyi altında baş veribsə, imkan tanımaq lazımdır ki, bu prosesi davam etdirib uğurla sülh sazişinin imzalanmasına və Zəngəzur dəhlizinin açılmasına nail olsun".
Aytəkin TOFİQQIZI













