"Ermənistanın əsas niyyəti o idi ki, yekunda bütün Azərbaycanı işğal etsin" - Ceyhun Məmmədov

 11:41 16.01.2026     426

"Son tədbirlərin demək olar ki, böyük əksəriyyətində bu fikri qeyd edirəm ki, biz deyirik, tarix təkrarlanır. Tarix o zaman təkrarlanır ki, xalqlar onu unudurlar. Onu unudanları da tarix hər zaman cəzalandırır. Biz tarix boyu o xalqlardanıq ki, həmişə düşmənlərimizin gözü bizim torpaqlarımızda olub. Biz davamlı olaraq işğala məruz qalmışıq, davamlı olaraq ermənilər tərəfindən Azərbaycana qarşı müəyyən iddiaların qaldırıldığının şahidi olmuşuq".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov "Tarixi Yurda Qayıdış" konfransında qeyd edib.

"Əvvəlki dövrə baxanda Ermənistanın və onun havadarlarının əsas niyyəti o idi ki, yekunda bütün Azərbaycanı işğal etsinlər. Yəni onlar vaxtında Qərbi Azərbaycanı aldılar, İrəvanı götürdülər, sonrakı dövrdə Zəngəzur, Qarabağ. Amma ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət və cənab prezidentin davam etdirdiyi qətiyyətli, prinsipial yanaşma nəticəsində bu gün biz bu arzuları artıq arxada qoymuşuq və torpaqlarımızı azad etmişik".

Depuatq vurğuluyub ki, onu ən çox düşündürən 30-40 il sonra nə olacağıdır:

"Əlbəttə, biz sülh istəyirik. Sülhün hər zaman bərqərar olmasını istəyirik, çünki müharibə həm də itkilər deməkdir. Amma bir müddət sonra ola bilər ki, eyni hadisələrlə biz yenidən üz-üzə qalaq. Biz çox arzulayırıq ki, bu baş verməsin. Ona görə də bu gün bizim qarşımızda çox böyük imkanlar, çox böyük fürsətlər var və bu fürsətlər ondan ibarətdir ki, biz artıq öz həqiqətlərimizi dünyaya çatdıra bilirik. Xaricdə olanlar yəqin ki, bunu çox tez-tez hiss edirlər. Xaricdə davamlı olaraq Qarabağın ermənilərə məxsus olması, bizim onlara qarşı soyqırım törətməyimizlə bağlı əvvəllər çox məlumatlar yayılırdı. Amma torpaqlar işğaldan azad olunduqdan sonra, Azərbaycanda Qərbi Azərbaycana qayıdışla bağlı güclü bir hərəkat başladıqdan sonra biz vəziyyətin biraz dəyişdiyini görürük. Yəni bu gün həqiqətən də ümumi prosesə baxanda nə qədər dəyişikliklərin baş verdiyinin şahidiyik".

Aytəkin TOFİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən