"Qərbi Azərbaycan bizim üçün vətəndir" - Kafedra müdiri

 12:04 16.01.2026     412

"Qərbi Azərbaycan dünyanın xəritə üzərində mövcud olan məkanlarından biridir. Lakin bu coğrafiya bizim üçün təkcə bir məkan deyil, eyni zamanda vətəndir. Abbas Səhhətin, yəqin ki, hər birinizin əzbər bildiyi misralarında deyildiyi kimi: "Vətən əcdadımızın mədfənidir, Vətən övladımızın məskənidir"".

Redaktor.az xəbər verir ki, bu fikirləri "Tarixi Yurda Qayıdış" konfransında filologiya üzrə elmlər doktoru, professor, Bakı Avrasiya Universiteti, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Elmira Məmmədov Kekeç bildirdi.

O vurğuladı ki, bu gün Qərbi Azərbaycan bizim övladlarımızın məskəni deyil:

"Biz artıq bir müddətdir qayıdışdan bəhs edirik. Elə Əfqan müəllimin kitablarının bir çoxunda, hətta başlıqlarında belə qayıdış məsələsi, qayıdış problemi öz əksini tapıb. Ziyalıların, alimlərin və burada toplaşan bütün dəyərli insanların əsas hədəflərindən və məqsədlərindən biri də məhz bu qayıdışdır. Təbii ki, biz mədəni və sülh yolu ilə qayıdışdan danışırıq. Çünki müharibə cəhənnəmdir. Qeyd etdiyiniz kimi, müharibə yanğılar, dağıntılar, qanlı hadisələr deməkdir və bunlar arzuolunan deyil. Lakin bəzən də qaçılmaz olur. Qərbi Azərbaycan bizim məscidlərimizin, kəndlərimizin, eyni zamanda ailə xatirələrimizin yaşadığı bir məkandır. İrəvan, Zəngəzur, Dərələyəz, Basarkeçər, Qarakilsə və digər adlar tariximizin, milli keçmişimizin və bu günümüzün ayrılmaz hissəsidir. Millətin gücü yalnız onun silahlarında deyil, həm də tarixi yaddaşındadır. Bu tarixi yaddaşı canlı saxlayan ziyalılarımızdan biri də Əfqan müəllimdir".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən