“O dəhşətli gecə gözlərim önündən kinolent kimi keçir” - Jalə Əliyeva
"20 Yanvar hadisələrindən 36 il keçir və bu 36 illik tarix, şübhəsiz ki, xalqımızın qan yaddaşına əbədi həkk olunub. İllər keçsə də, biz bu günü heç vaxt unutmayacağıq. Müstəqilliyimiz, azadlığımız, ərazi bütövlüyümüz və bu günümüz uğrunda canından keçən ilk şəhidlərimizi daim ehtiramla yad edəcəyik. Bu şəhidlər inandıqları, talelərini etibar etdikləri bir dövlətin ordusu tərəfindən qətlə yetirildilər. Həmin dövlətin ordusu öz xalqına, öz vətəndaşına qarşı silah qaldırdı, tanklarla və ağlasığmaz dərəcədə ağır silahlarla dinc əhaliyə hücum etdi. O günü yaşayan çoxsaylı şahidlərdən biri olaraq bu faciəni unutmaq mümkün deyil".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva 20 Yanvar hadisələrindən danışarkən bildirdi.
"Həmin hadisələr mənim gənclik illərimə təsadüf edirdi. O günlərin təlaşını, təşvişini, eyni zamanda qürur hissini bir ömür boyu yaşadıq və yaşayacağıq. Bu gün biz zəfər çalmış, bütöv Azərbaycanın vətəndaşlarıyıq. Bu gün suveren və müstəqil bir ölkənin vətəndaşıyıq və bununla fəxr edirik. Lakin bu bütövlüyə, bu suverenliyə və müstəqilliyin qorunmasına aparan yol heç də asan və hamar olmayıb. Həmin illərdə ölkə çaxnaşmalar, xaos, vətəndaş müharibəsi təhlükəsi, parçalanma və hətta dünya xəritəsindən bir dövlət kimi silinmək riski ilə üz-üzə qalmışdı.
Azərbaycanı bu təhlükələrdən xilas edən şəxs, şübhəsiz ki, Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev oldu. İlk beynəlxalq səslənişi də bir azərbaycanlı olaraq məhz o etdi. Moskvada, SSRİ imperiyasının mərkəzində, böyük cəsarət nümayiş etdirərək, öz həyatı və ailəsinin təhlükəsizliyi bahasına Azərbaycan xalqına qarşı böyük bir haqsızlıq törədildiyini bütün dünyaya bəyan etdi. O, yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı hərbi təcavüz həyata keçirildiyini, 11-ci Qızıl Ordunun əlinin qana batdığını açıq şəkildə dünya ictimaiyyətinə çatdırdı və beynəlxalq ictimaiyyətə çağırış etdi".
Millət vəkili dəhşətli gecənin canlı şahidi kimi qeyd etdi ki, bu faciəni yaşamaq son dərəcə ağır idi:
"Mənim övladım da həmin illərin yaşıdıdır, o dövrdə dünyaya gəlib. Gənc bir ana olaraq onu qorumaq üçün bütün Azərbaycan anaları kimi hansı həyəcan və təlaşları keçirdiyimi sözlə ifadə etmək çətindir.
Güllə yağışları altında özümüzü, ailəmizi və ölkəmizi qorumağa çalışırdıq. Buna baxmayaraq, səhər tezdən yüz minlərlə azərbaycanlı ilə birlikdə o vaxt “Meydan” adlanan, sonradan Azadlıq meydanı kimi tarixə düşən məkana toplaşdıq. Şəhidlərimizi son mənzilə yola saldıq, bu gün Şəhidlər Xiyabanı adlanan müqəddəs məkanda onları dəfn etdik".
Jalə Əliyeva danışdıqca o səhnələrin bu gün də gözlərinin önündən kinolent kimi keçdiyini bildirdi.
"O günlərdə çox kədərli, çox ağrılı və hiddətli idik. Amma bu gün həmin hadisələri qürur hissi ilə xatırlayırıq. Fəxr edirik ki, Prezident İlham Əliyevin rəhbərliyi və yolgöstərənliyi ilə Azərbaycan bu gün zəfərlərlə dolu bir yolda inamla irəliləyir.
Bu yolda Tanrı xalqımızın yar və yardımçısı olsun. Allah 20 Yanvar şəhidlərinə, noyabr hadisələri şəhidlərinə, Birinci Qarabağ müharibəsi şəhidlərinə və torpaqlarımızı erməni işğalından azad edən bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Qazilərimizə can sağlığı arzulayırıq. Tanrı ölkəmizi, xalqımızı və dövlətimizi qorusun", - deyə deputat yekunlaşdırdı.
Xədicə BAXIŞLI













