Trampın Sülh Şurası BMT-ni əvəz edəcək? - AÇIQLAMA

 12:28 22.01.2026     480

"Amerika Prezidenti Donald Trampın irəli sürdüyü Sülh Şurası inisiyativi BMT-nin tam alternativindən çox, spesifik məsələlərə yönəlmiş paralel mexanizm kimi görünür".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü Sülh Şurasının BMT-ni əvəzləyə bilmə ehtimalından danışarkən bildirdi.

Politoloq hesab edir ki, reallıqda BMT-ni əvəz etmək son dərəcə çətindir:

"BMT 193 üzv dövlətlə universal legitimliyə malikdir və onilliklər boyu qurulmuş hüquqi, humanitar və diplomatik infrastruktura sahibdir. Trampın təşəbbüsü isə məhdud iştirakçı dairəsi və konkret regional məsələ (Qəzza) üzərində cəmləşir. Bununla belə, bu cür inisiyativlər mövcud beynəlxalq sistemdəki effektivlik problemlərinə alternativ axtarış cəhdi kimi qiymətləndirilə bilər. BMT-nin Təhlükəsizlik Şurasındakı veto mexanizmi tez-tez tənqid hədəfinə çevrilir və bir çox təcili məsələlərdə qərar qəbuletməni bloklaşdırır. Yeni formatlar daha çevik və nəticə yönümlü diplomatiya imkanı yarada bilər".

Həmsöhbətimiz qeyd etdi ki, Avropa liderlərin narahatlığı əsassız deyil:

"Belə platformalar BMT-nin nüfuzunu zəiflədə və beynəlxalq hüququn universal prinsiplərini parçalaya bilər. Eyni zamanda, seçici üzvlüklə formalaşan strukturlar qlobal nümayəndəlikdən məhrum olur və legitimlik problemi yaradır.

Tarixi təcrübə göstərir ki, regional və ya məhdud formatlar (G7, G20 kimi) BMT-ni əvəz etməyib, əksinə onu tamamlayıb. Trampın inisiyativi də çox güman ki, BMT-yə alternativ yox, paralel diplomatik kanal olaraq fəaliyyət göstərəcək. Qlobal miqyasda isə BMT-nin yerini tutmaq qeyri-real görünür - nə hüquqi bazası, nə də universal strukturu yaratmaq qısa müddətdə mümkün deyil", - deyə Tural İsmayılov vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən