"Azərbaycanı xoşlamayan qüvvələrə bir göz dağıdır" - AÇIQLAMA

 14:36 04.02.2026     544

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Tərəflər söhbət əsnasında hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb, etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi bəradə razılığa gəliblər. Eyni zamanda tərəflər iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduğlarını təsdiqləyiblər.

Milli Məclisin deputatı Tural Gəncəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, görüş postmünaqişə dövründə sülhün irəlilədilməsi və etimad quruculuğu tədbirlərinin davam etdirilməsi baxımından çox mühümdür:

"Həm regionumuzda, həm də dünyada gedən mürəkkəb geosiyasi vəziyyəti və prosesləri nəzərə alaraq Ermənistan-Azərbaycan arasında sülh quruculuğu prosesinin davam etdirilməsi həqiqətən də dünyada bəlkə də yeganə bir haldır ki, keçmiş münaqişə artıq müsbət istiqamətə yaxınlaşır. Bu, Azərbaycan Prezidentinin Azərbaycanın sülhə etimad göstərməsinin, sülh tərəfdarı olmağımızın, Ermənistanla münasibətlərdə bizim məhz müdriklik, böyüklük göstərməyimizin, sülh gündəliyinin tərəfdarı olmağımızın göstəricisidir. Azərbaycan hal-hazırda humanistlik, mərhəmətlilik komponentini də öz siyasətinə əlavə edib".

Millət vəkilinin fikrincə, bu, bir daha Azərbaycanı xoşlamayan dairələrə, qüvvələrə bir mesaj, bir göz dağıdır.

"Çünki istər Ermənistandakı revanşistlər, istər Avropa Parlamentində, Avropa dairələrində hələ də, təəssüflər olsun ki, Azərbaycanofob siyasətçilər var ki, Ermənistan-Azərbaycan münaqişəsinin yenidən alovlanmasını istəyərdilər, yenidən bu istiqamətdə öz məkrli planlarının həyata keçməsini istəyərdilər. Ona görə bu baxımdan hesab edirəm ki, bu Əbu-Dabi görüşü onların hamısına çox önəmli bir mesaj oldu. Azərbaycan Prezidentinin sülh gündəminə sadiqliyi, beynəlxalq münasibətlərdəki bu mürəkkəb situasiyanın, beynəlxalq hüququn ayaqlar altına atıldığı, hörmətsizlik edildiyi bir dövrdə xüsusi önəm daşıyır. Çünki Azərbaycan güclü dövlətdir, Azərbaycan qüdrətli orduya malikdir, güclü liderimiz var, ancaq biz buna baxmayaraq mərhəmətlilik prinsiplərindən, ədalət prinsiplərindən çıxış edirik. Amma dünyada, təəssüflər olsun ki, artıq bu prinsiplərə, beynəlxalq hüquqa hörmət yoxdur, güclünün hüququ ədalət kimi götürülür. Ancaq bizim siyasətimizdə isə tamamilə bu konstruktivizm həmişə qalıb və bundan sonra da qalmağa davam edəcək. Hesab edirəm ki, tarix Azərbaycan liderinin, Azərbaycan dövlətinin bu addımını, bu sülhpərvər siyasətini unutmayacaq", - deyə Tural Gəncəliyev vurğuladı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən