"Sülhün əldə olunmasının yolu Ermənistan Konstitusiyasından keçir" - Hikmət Babaoğlu
"Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında Əbu-Dabidə keçirilən görüş sülhün əldə olunması istiqamətində atılan növbəti mühüm addım kimi qiymətləndirilməlidir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi görüşdən danışarkən bildirdi.
Millət vəkilinin fikrincə, bu görüş iki kontekstdə dəyərləndirilməlidir:
"Birincisi, liderlərin təkbətək görüşü. Ermənistan-Azərbaycan münasibətlərinin mövcud vəziyyəti nəzərə alındıqda, 25 dəqiqə davam edən bu görüşü qısa hesab etmək olmaz. İkincisi isə nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdür ki, bu görüş də təxminən bir saat yarım davam etmişdir.
Bu faktın özü onu göstərir ki, müzakirə üçün kifayət qədər mövzu olub və bir sıra məsələlər üzrə detallar ətraflı şəkildə müzakirə edilib. Məhz bu amil, onsuz da 2026-cı ildə əldə edilməsi ehtimalı yüksək qiymətləndirilən yekun sülh sazişi ilə bağlı ümidləri daha da artırır və Ermənistanla Azərbaycan arasında yekun sülh sənədinin imzalanması perspektivini gücləndirir. Bununla belə, hesab edirəm ki, digər mühüm detallara da diqqət yetirilməlidir. Sülhün əldə olunmasının yolu bir tərəfdən Zəngəzur dəhlizi və ya tranzit marşrutları məsələsindən, digər tərəfdən isə Ermənistan Konstitusiyasından keçir. Bu baxımdan, Ermənistan və Azərbaycan liderləri arasında baş tutan və kritik xarakter daşıyan bu görüşün ABŞ-nin vitse-prezidenti Vensin regiona, daha dəqiq desək, Ermənistan və Azərbaycana səfəri kontekstində keçirilməsi xüsusi diqqət çəkir".
Hikmət Babaoğlu əlavə etdi ki, Əbu-Dabi görüşünü Venslə görüş öncəsi tərəflərin Zəngəzur dəhlizi ilə bağlı mövqelərinin bir daha dəqiqləşdirilməsi, eləcə də Azərbaycanın irəli sürdüyü maneəsiz keçid məsələsinin detallarının razılaşdırılması istiqamətində atılmış addım kimi qiymətləndirmək olar:
"Digər tərəfdən, bu kontekst Ermənistan Konstitusiya Məhkəməsinin sədrinin məhz bu gün Ermənistanda konstitusiya islahatlarının aparılması ilə bağlı səsləndirdiyi fikirlərlə də əlaqələndirilməlidir. Bu açıqlamanın təsadüfi olmadığı qənaəti formalaşır. Qısa analiz onu göstərir ki, Əbu-Dabidə keçirilən bu görüş bir sıra mühüm məsələlərin həlli baxımından əhəmiyyətli və yadda qalan görüş kimi tarixə düşəcək".
Xədicə BAXIŞLI













