"İlham Əliyevlə Paşinyan arasındakı təmaslar sülh sazişini real və yaxın hədəfə çevirir" - Jalə Əliyeva

 20:17 04.02.2026     438

"Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərində Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi görüş Azərbaycan-Ermənistan sülh müqaviləsi baxımından mühüm siyasi hadisə kimi dəyərləndirilir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirdi.

Onun fikrincə, bu görüş ilk növbədə liderlər arasında birbaşa dialoqun davam etdiyini göstərir:

"Məhz birbaşa təmaslar etimadın formalaşması, mövqelərin aydınlaşdırılması və mübahisəli məsələlərin danışıqlar yolu ilə həlli üçün ən effektiv mexanizmdir. BƏƏ kimi neytral platformada baş tutan görüş tərəflərin konstruktiv yanaşmaya hazır olduğunu nümayiş etdirir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Bu kontekstdə görüş sülh müqaviləsinin əsas prinsipləri, qarşılıqlı ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması kimi məsələlərin müzakirəsi üçün real imkan yaradır".

Millət vəkili əlavə etdi ki, görüş həm də regionda gərginliyin azalmasına, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir:

"Bu kimi təmaslar sülh sazişini abstrakt niyyətdən çıxarıb real və yaxın hədəfə çevirir. Prezident İlham Əliyev və Nikol Paşinyan arasında BƏƏ-də baş tutan görüş sülh prosesinə müsbət impuls verən, dialoqu dərinləşdirən və regionda yeni mərhələnin əsasını qoya biləcək önəmli addım kimi qiymətləndirilə bilər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən