"Azərbaycan Prezidenti xalqına verdiyi vədlərə hər zaman sadiqdir" - Deputat
"Dünyada qıt resurslar uğrunda mübarizə gedir. Buna baxmayaraq, sülh ən zəruri amilə, resursa çevrilib. Çünki danışıqlar masasına dönmədən, sülh olmadan bu resursların istehlak olunması da son dərəcə müşkül məsələdir. Məhz belə bir reallıqda yəni, Cənubi Qafqaz kimi son dərəcə mürəkkəb bir regiona sülhün gətirilməsi heç də asan olan məsələ deyil. Bu həm uzaqgörən siyasət, həm möhkəm iradə, həm də oturuşmuş şəxsi keyfiyyətlər tələb edir. İlham Əliyev bu xüsusiyyətlərin hər birinə malikdir. Xarakter etibari ilə dünya liderləri arasında qazandığı hörmət bu gün dünya ictimaiyyəti, beynəlxalq birlik tərəfindən təqdir olunur. Bu həm də Azərbaycan xalqının obrazı deməkdir. Təbii ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” da seçilmiş liderlərə verildiyi üçün Azərbaycan Prezidenti bu mükafata tam layiqdir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı” almasından danışarkən bildirdi.
"Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq münasibətlərdə tutmuş olduğu mövqe, habelə Azərbaycan-Ermənistan arasında son zamanlarda sərgilədiyi yanaşma çox mühüm əhəmiyyət kəsb edir. Həm də Cənubi Qafqazı ənənəvi qaydada öyrəşdiyimiz rəqabətdən çıxararaq məhz belə aktorların regiona cəlb edilməsi son dərəcə mühüm amildir. Bu həm investisiya qoyuluşuna, həm siyasi manevr imkanlarına, həm də ən əsası dayanıqlı sülhə xidmət edəcək. Bütövlükdə dövlət başçımızın “Zayed İnsan Qardaşlığı Mükafatı” layiq görülməsi son 5 ilin deyil, 2003-cü ildən bu günə qədər gərgin əməyin nəticəsidir. Azərbaycan Prezidenti xalqına verdiyi vədlərə hər zaman sadiqdir", - deyə millət vəkili yekunlaşdırdı.
Xədicə BAXIŞLI













