"İranla ABŞ arasında ikitərəfli danışıqların başlanmasında Türkiyənin rolu əvəzsizdir"

 17:26 05.02.2026     1126

İran ABŞ ilə danışıqların formatını ikitərəfli formata keçirmək və yerini Türkiyədən Omana dəyişmək niyyətindədir.

Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan bildirdi ki, ABŞ-İran birbaşa danışıqlarının hansı ölkədə keçirilməsi elə də önəmli deyil:

"Görüşün keçirildiyi ölkə həmin ölkəyə olan etimadın, onun təhlükəsizlik və digər məsələlər baxımından qəbul edilə bilən tərəfdaş olduğunun göstəricisi sayıla bilər. Amma Türkiyə rəsmi Ankaranın da açıqladığı kimi, görüşün hansı ölkədə keçirilməsindən asılı olmayaraq sülh prosesini dəstəkləyir".

Müsahibimizin fikrincə, vasitəçilərin iştirakı ilə keçirilmiş ilkin görüş Omanda baş tutduğundan, rəsmi Tehran danışıqların yenidən bu ölkədə davam etdirilməsini təklif edib:

"ABŞ də bu təklifi qəbul edib. Bu isə onu göstərir ki, görüşün hansı ölkədə keçirilməsi ABŞ üçün də həlledici əhəmiyyət daşımır. Əsas məsələ tərəflərin birbaşa danışıqlara razılıq verməsi və masa arxasında əyləşməsidir. Görüşün Omanda keçirilməsi, eyni zamanda ötən il yarımçıq qalmış danışıqların diplomatik baxımdan davam etdiyini də ifadə edə bilər. Düzdür, onda görüş vasitəçinin, Omanın iştirakı keçirilmişdi. Ancaq bu dəfə görüşün ikitərəfli birbaşa olacağı nəzərədə tutulur. Əsas məsələ ondan ibarətdir ki,  mahiyyət etibarilə ABŞ və İran arasında görüş baş tutur".

Politoloq əlavə etdi ki, İran və ABŞ arasında ikitərəfli birbaşa danışıqların başlanmasında Türkiyənin rolu əvəzsizdir:

"Zaman keçdikcə tərəflər bu rolu daha aydın şəkildə dəyərləndirəcəklər. Türkiyə bu addımı ilə regionda müharibənin, xüsusilə də genişmiqyaslı müharibənin qarşısının alınmasına töhfə verən dövlətlərdən biridir. Türkiyə beynəlxalq aləmdə diplomatiyanın, dialoqun və problemlərin diplomatik vasitələrlə həllinin davam etdirilməsinə çalışan bir dövlətdir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən