"İki dövlətin sülhə gedən yoldakı səyləri regional statusu dəyişir" - Əli Mustafa
Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafat”na layiq görülüb. Dövlət başçımız qeyd edib ki, biz (Ermənistan və Azərbaycan – red.) 30 ildən artıq müharibə şəraitində olduq, indi isə 6 aydır ki, biz sülh şəraitində yaşayırıq və biz sülh şəraitində yaşamağı öyrənirik.
Eyni zamanda Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərdə sülhün ququlmasına görə 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb. Paşinyan vurğulayıb ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” xalqlarımızın əldə etdiyi nailiyyətlərə verilən qiymətdir.
Politoloq Əli Mustafa Redaktor.az-a açıqlamasında bildirdi ki, sözügedən mükafat bölgədə sülhün əldə olunmasındakı xidmətlərinə görə verilib:
"Biz bilirik ki, Ermənistan–Azərbaycan münaqişəsi miqyasına görə böyük bir münaqişə idi. Yəni regional münaqişə deyil, çox strateji əhəmiyyətli münaqişə idi. Sovetlər belə bu münaqişənin başlaması ilə dağılmağa başladı. Sonra da dünyanın bir çox supergücləri bu münaqişə üzərindən regiona daxil olmağa, özlərinin geosiyasi maraqlarını təmin etməyə çalışdılar. Yəni 30 il ərzində bu münaqişənin uzanması yalnız tərəflərin iradəsi ilə deyildi, həm də bütövlükdə böyük güclərin bölgədəki maraqları ilə, münaqişəyə olan münasibəti ilə də ciddi şəkildə bağlı idi".

Müsahibimizin sözlərinə görə, belə qlobal bir münaqişənin nəhayət həll olunması və bir sıra böyük güclərin iradəsinin ziddinə olaraq artıq bu sülh sazişinin paraflanması hadisədir:
"Ona görə də bu hadisəyə görə sülh mükafatı verilir. İki dövlətin hal-hazırda sülhə gedən yoldakı səyləri regional statusu dəyişir, bir çox kənar güclərin regional müdaxiləsini azaldır, bölgə dövlətlərinin suverenliyini bərkidir, möhkəmləndirir. Bütün hallarda bu mükafatın verilməsinin şərtləri var, məhz onlar şərtlərə cavab verdiklərinə görə bu mükafat onlara verilir. Hər halda bütün hallarda bölgəyə sülhün gəlməsi və bunun da beynəlxalq səviyyədə dəstəklənməsi olduqca yeni bir haldır, maraqlı bir məsələ və vəziyyətdir. Əslində ölkəmiz üçün də, region üçün də müsbət bir gedişat və dəyişiklik hesab oluna bilər".
Aytəkin TOFİQQIZI













