“Tramp anlayır ki, İranla müharibə son dərəcə təhlükəli ideyadır” - Politoloq
ABŞ-nin İrandakı virtual səfirliyi Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirdi ki, regionda çox böyük risk var, bu, müharibə riskidir:
"Onun arxasında iki dövlət durur: Amerika Birləşmiş Ştatları və onun çox işlək aləti olan İsrail dövləti. Faktiki olaraq, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə etibarnamə verib ki, mənim adımdan müharibə apar. Amma Donald Tramp bir müdrik adam kimi anlayır ki, bu, çox təhlükəli bir ideyadır və onun reallaşması tərs mütənasib nəticə verə bilər. Amerika Birləşmiş Ştatları İranı həm hədələyir, həm qorxudur, həm də ona psixoloji təsirlər göstərir ki, İran geri çəkilsin. Çünki masada olan dörd tələb var və o dörd tələbin hamısını İran qəbul etsə, dialoq başlanacaq və tərəflər addım-addım ünsiyyəti davam etdirəcəklər. Amma məsələ burasındadır ki, İran qəti surətdə dörd tələbi qəbul etmir, yəni onlar təklif deyil, tələbdir. İran deyir ki, mən heç bir şey eşitmək istəmirəm, yalnız nüvə məsələsini müzakirə etməyə hazıram. Nə proksi qüvvələrimdən əl çəkəcəm, nə raket proqramımı dayandıracağam, nə də bölgə siyasətimə korrektor verəcəyəm. Mənim siyasətim budur, bəyənirsən bəyən, bəyənmirsən bəyənmə".
Müsahibimiz qeyd etdi ki, Tramp regiona əlavə hərbi qüvvə çağırır:
"Amma mənə elə gəlir ki, Donald Tramp müharibəyə hazır deyil. Çünki əgər müharibə başlasa, məncə, Donald Trampın siyasi karyerasına xitam verilə bilər. Çünki bölgədə Amerikanın çox həssas nümayəndəlikləri və hərbi bazaları mövcuddur. Belə ki, ən azı Birləşmiş Ərəb Əmirliklərində həm Amerikanın, həm İsrailin çox güclü mövqeləri var. İranın təhlükəsizlik orqanları isə fəaliyyətsiz oturmayıb və əldə etdikləri məlumatlara görə, Birləşmiş Ərəb Əmirliklərində, xüsusilə Dubay bölgəsində Amerikanın və İsrailin imkanları cəmləşdirilib. Səudiyyədə də, Qətərdə də, Bəhreyndə də, Küveytdə də bu mövqelər mövcuddur. Ona görə də mən elə başa düşürəm ki, Amerika Birləşmiş Ştatları yalnız əzələ nümayişi həyata keçirməklə müharibə qərarını verməyəcək. Çünki bu, bölgə üçün böyük fəlakət olar, o cümlədən Azərbaycan üçün də. Müharibə başlasa, regional müharibəyə çevriləcək, ərazilər dağıdılacaq, insanların sayı zərər görəcək. Buna görə də mənə elə gəlir ki, Donald Tramp son məqamda geri çəkiləcək. O artıq başa düşdü ki, taktik baxımdan İranı uduzdurmağa çalışmaq faydasızdır. Bilirsiniz ki, Vaşinqton tələb edirdi ki, danışıqlar İstanbulda olsun. İran bildirdi ki, əgər istəyirsinizsə, onlar Omana gələcəklər, əks halda, danışıqlardan imtina edəcəklər. Buna görə də Amerika İranın tələbini qəbul etməli oldu".
Politoloq əlavə etdi ki, Amerikanın tələbləri İranın suverenliyinə təhdiddir və İranın suverenliyinin parçalanmasına aparan yol ola bilər.
"Bu yaxınlarda mərhum Müəmmər Qəddafinin qızı Aişə Qəddafi İran xalqına müraciət etmişdi ki, "Qərbə inanmayın. Onlar mənim atamı aldatdılar və ölkəmizi parçaladılar". Bu göstərir ki, Amerika ilə İsrail və onların müttəfiqləri suveren dövlətləri parça-parça ediblər: İraq, Liviya, Suriya, Livan, Somali, Sudan və indi İran. Bütün bunlara baxmayaraq, İran təhlükəsizlik imkanlarını artırıb, müdafiə qalxanını formalaşdırıb. İranın raketləri təkcə İsrail üçün yox, həm də Amerika üçün ciddi təhdiddir. Buna görə də İran deyir: "Mən öz təhlükəsizliyimi və suverenliyimin müqəddəratını sizinlə müzakirə etməyəcəyəm". Bu, gözəl bir nümunədir. Çünki imperiya qüvvələrinə qarşı, Azərbaycan uzun illər neo-müstəmləkəçilik siyasətini ifşa edib. Bu, göstərir ki, yeni dünya artıq başlayıb: hər bir xalqın səsi eşidilməlidir və hüquqları qorunmalıdır. Xüsusilə yaxın Şərqdə, İran ətrafında köhnə dünya ilə yeni dünyanın müqəddəratı masa üstündədir. Mən elə başa düşürəm ki, Amerika Birləşmiş Ştatları əlindən gələni edir ki, İrana psixoloji təsir göstərsin. Amma İran artıq bu təsirlərə reaksiya vermir, çünki öz vəzifəsini başa düşür. 15-ci ildə nüvə proqramı ətrafında çox tərəfli saziş imzalanmışdı. Donald Tramp hakimiyyətə gəldikdə o sazişdən çıxdı. İndi sual yaranır: Günah kimdədir, İrandadır, yoxsa Amerikada? İsrailin fitvası ilə baş verən proseslər nəticəsində İran artıq Amerikaya inanmır.
Ötən ilin iyununda baş vermiş 12 günlük hərbi kampaniya göstərdi ki, Amerika danışıqları yayındırmaqla İsraillə zərbə endirməyə çalışır. Mən elə hesab edirəm ki, artıq proseslərdə sular durulur və baş verənlər bütün cəmiyyətin gözü qarşısında baş verir. Ona görə də düşünürəm ki, Amerika öz vətəndaşlarını İrandan çıxara, bir-iki səfirliyin fəaliyyətini dayandıra bilər. Amma əsas məsələ müharibəyə zəmin yaradılmamasıdır. Əgər Amerika bunu etsə, böyük səhv etmiş olar və indiki administrasiyanın başına bəla gətirə bilər. Mən hesab edirəm ki, Donald Tramp bu məsələdən yayılacaq", - deyə Tofiq Abbasov bildirdi.
Nuriyyə NATİQQIZI













