"Ağır günlərdə Azərbaycan xalqı həm maddi, həm də mənəvi baxımdan Türkiyənin yanında oldu" - Deputat
"Qardaş Türkiyədə baş verən faciəli hadisədən, dağıdıcı zəlzələdən üç il ötür. Biz bu faciənin üçüncü ildönümündə həyatını itirmiş bütün bacı-qardaşlarımızı, övladlarımızı, ana-atalarımızı ehtiramla yad edirik. Türkiyəmizə bir daha dərin başsağlığı diləyirik. Arzu edirik ki, bundan sonra dünyanın heç bir yerində, o cümlədən Türkiyədə və Azərbaycanda belə təbii fəlakətlər, dağıntılar baş verməsin. Bəşəriyyət rahat və sülh içində yaşasın. Bu həyatda övladlar anasız, analar övladsız qalmasın".
Bu fikirləri Milli Məclisin deputatı Jalə Əliyeva Redaktor.az-a açıqlamasında bildirdi.
"Bu gün səhər saatlarında ölkə Prezidenti İlham Əliyev də növbəti dəfə Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib, rəsmi mesaj göndərib. Həmin ağır günlərdə bütün Azərbaycan xalqı Türkiyənin yanında oldu, həm mənəvi, həm maddi, həm də fiziki baxımdan. Gücü çatan da, çatmayan da hər kəs əlindən gələni etməyə çalışdı ki, bu böyük ağrını və acını bir qədər də olsa azalda bilsin", - deyə o qeyd etdi.
Millət vəkili əlavə etdi ki, Türkiyə və Azərbaycan hər zaman birlikdə olub:
"Bütün beynəlxalq platformalarda, müqavilələrdə və layihələrdə bu iki ölkə çiyin-çiyinə dayanır. Prezidentin dediyi kimi, harada Türkiyə varsa, Azərbaycan da oradadır və Prezident Ərdoğanın söylədiyi kimi, harada Azərbaycan varsa, Türkiyə də oradadır. Biz bu müttəfiqliyi və qardaşlığı çox yüksək dəyərləndiririk və əminik ki, bu münasibətlər hər zaman davam edəcək. Türkiyə və Azərbaycan bölgədə və dünyada bir-birini daim dəstəkləyən ən mühüm strateji tərəfdaşlar kimi çıxış edəcəklər.
Bir daha Türkiyə xalqına və bütün qardaşlarımıza dərin başsağlığı diləyir, “keçmiş olsun” deyirik. Allah bütün həyatını itirənlərə rəhmət etsin".
Xədicə BAXIŞLI













