"ABŞ və İran arasındakı danışıqların gündəliyi İsrailin maraqlarına tam uyğun deyil" - Politoloq
"Azərbaycanın İran və İsrail arasında vasitəçi olma potensialı mövcuddur. Əslində rəsmi Bakı İran rəsmiləri ilə, yəni Prezident İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianla danışarkən bu məsələni vurğuladı. Bir növ gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu qeyd etdi".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı ABŞ və İran arasındakı mövcud gərginliyin aradan qaldırılmasında Azərbaycanın vasitəçiliyinin mümkün olub-olmamasından danışarkən bildirdi.
Onun sözlərinə görə, Azərbaycan, təbii ki, İrana hərbi müdaxiləni istəmir:
"Çünki bu, regionda təhlükəsizliyə təhdid amilidir və gərginlik heç kəsə sərf etmir. Ona görə də Azərbaycan məsələnin danışıqlar masasında həllinin tərəfdarıdır. Bu baxımdan da əlindən gələn töhfəni verməyə hazır olduğunu rəsmi şəkildə bəyan edib. Amma hazırkı vəziyyətdə, deyək ki, İran və Amerika arasında danışıqlarda, təbii ki, İsrailin mövqeyi də var, Amerika həm də İsrailin mövqeyini təmsil edir. Amerika ilə İran arasında aparılan danışıqlarda müxtəlif ölkələr vasitəçi rolunu oynayır. Türkiyə başda olmaqla ərəb ölkələri də bu prosesə qoşulub. Son olaraq isə gözlənilən odur ki, danışıqlar Omanda davam etdirilsin. Bu prosesin getdiyi bir vaxtda hesab edirəm ki, Azərbaycan bu məsələdə ortaq məxrəcin tapılmasına yardım edə bilər. Çünki Amerika və İran arasındakı danışıqların gündəliyi belə görünür ki, İsrailin bütün maraqlarına tam uyğun deyil. Yəni Amerika çalışır ki, məsələni Tramp administrasiyası hərbi müdaxilə ssenarisini sona saxlayaraq hələ də danışıqlar masasında həll etmək variantı üzərində dayansın. Əgər məsələ masada müzakirə olunursa, bu, təbii ki, qarşı tərəfin də mövqeyinin nəzərə alınması deməkdir".
Müsahibimiz əlavə etdi ki, verilən açıqlamalardan belə görünür ki, İran məsələni nüvə proqramı çərçivəsində məhdudlaşdırmağa çalışır:
"Yəni razılaşmaların bu kontekstdən kənara çıxmasını istəmir. Bu isə o deməkdir ki, digər tələblər - ballistik raketlər, proksi qüvvələrə dəstəyin dayandırılması kimi məsələlər, hansı ki, indiyədək əsasən İsrail tərəfindən tələb olunub, danışıqlar masasından çıxarılsın. Amerika bu tələbləri gündəlikdə dəstəkləsə də, əsasən bu məsələlər İsrailin regional siyasətinə uyğundur və görünür ki, İran tərəfi bu tələbləri danışıqlar masasından çıxarmağa çalışır. Bu, o demək deyil ki, Amerika mütləq razılaşacaq. Amma əgər Amerika dediyim kimi məsələni masada müzakirə edirsə, bu, qarşı tərəfin mövqeyini də nəzərə ala biləcəyi ehtimalını yaradır. Bu isə İsrailin mövqelərinə uyğun gəlmir və İsrailin belə bir danışıqlar prosesinə qarşı çıxması deməkdir. Təbii ki, İsrail qarşı çıxırsa, bu da razılaşmanın əldə olunmasını çətinləşdirir. Və yaxud Amerika İsrailin mövqeyini tam nəzərə almadan İranla razılaşarsa, belə bir razılaşmanın praktik müstəvidə reallaşması və regionda sülhün tam təmin olunması da sual altına düşür.
Amma dediyim kimi, Azərbaycan məhz bu məqamda İsrail, Amerika, İran, o cümlədən Türkiyə və ərəb ölkələri kontekstində birləşdirici rol oynaya bilər. Yəni ortaq məxrəcin tapılması üçün Azərbaycan bütün bu ölkələr arasında fəal şəkildə işləyə, diplomatik fəaliyyət göstərə bilər. Ən azından İsrailin də gündəliyinin təqdim edilməsi, onun mövqeyinin bu ölkələrə çatdırılması üzərindən çıxış edə bilər. Çünki əsas məqsəd ortaq məxrəcin tapılmasıdır. Bu kontekstdən baxdıqda hesab edirəm ki, Azərbaycan İranla İsrail arasında birbaşa danışıqlara vasitəçilik etmək potensialına malik olmaqla yanaşı, hazırda və yaxın zamanda gözlənilən Amerika–İran danışıqları kontekstində də region ölkələrinin, o cümlədən İsrailin ortaq məxrəcə gəlməsinə yardım edə bilər. Yəni Azərbaycanın belə bir potensialı var. Çünki Azərbaycan, bəlkə də, bu bölgədə - təkcə Cənubi Qafqazda deyil, Yaxın Şərqin özündə də gərginliyin tərəfi olan bütün aktorlarla yaxşı münasibətlərə malik yeganə ölkədir. Bu baxımdan Azərbaycanın rolu məhz bu kontekstdə qiymətləndirilə bilər".
Nuriyyə NATİQQIZI













